ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb. Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayıb və 21:06-da yekunlaşıb. Müzakirələr 1 saata qədər davam edib. Bayden Putinlə Rusiya və Ukrayna sərhədində gərginliyin artmasını müzakirə edib. Bayden Rusiya liderinə bildirb ki, Ukrayna ətrafında gərginlik yaranarsa Rusiya ABŞ və onun müttəfiqləri ilə üz-üzə gələcək. ABŞ Ukrayna ətrafında istənilən ssenariyə hazırdır və Rusiya ilə diplomatik danışıqları hədəfləyir.
Qeyd edək ki, bu, Ukrayna böhranının yaranmasından sonra liderlər arasında üçüncü telefon danışığıdır.
***
20:22
ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb. Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Öz növbəsində NBC telekanalı da Ağ evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Qeyd edilir ki, ABŞ lideri hazırda Kemp-Deviddəki (Merilend ştatı) iqamətgahındadır.
Xatırladaq ki, bir bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Yelisey sarayı tərəfindən yayılan məlumata görə, telefon danışığı 1 saat 40 dəqiqə davam edib. Ölkə başçıları Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
“Agency France Presse” də, öz növbəsində, yazıb ki, liderlərin telefon danışığında əsas müzakirə mövzusunun Rusiya-Ukrayna münasibətləri olub.
***
09:02
Rusiya prezidenti Vladimir Putin bu gün amerikalı həmkarı Cozef Bayden və Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparmağı planlaşdırır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putinlə Bayden arasında söhbət fevralın 12-də Moskva vaxtı ilə axşam saatlarında planlaşdırılır. Söhbətin təşəbbüskarı Vaşinqton tərəfidir və "sorğudan əvvəl Amerika tərəfinin yazılı müraciəti olub", - Peskov bildirib.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Putin və Bayden arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
Peskovun sözlərinə görə, şənbə günü Putinlə Makron arasında da telefon danışığı planlaşdırılır. Eyni məlumatı cümə günü “Agence France-Presse” Yelisey Sarayına istinadən yayıb. (Lenta.ru)
Putin və Makron sonuncu dəfə fevralın 7-də Moskvada saatlarla davam edən danışıqlar zamanı müzakirələr aparıblar. Ertəsi gün Fransa lideri təyyarə ilə Kiyevə uçub və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Makron ukraynalı həmkarı ilə söhbətindən sonra Putinlə telefonla yeni fikir mübadiləsi aparmaq niyyətində olduğunu açıqlayıb.
Şərh Yazın