Araz Əhmədoğlu
20-nci yüzilliyin başlanğıcında İranda farsları hakimiyyətə gətirən düşüncə sistemi Türk ulusuna aid olan dəyərlərin başda gedən Bayramını (İl Bayramı da adlanır) eləcə də başqa dəbləri, dəyərlərini uydurub dəyişməyə, ən azı unutdurmağa başladı. Farsların "Həft sin" (yeddi dənə "s" hərfi) adlandırdığı süfrəyə sarımsaq, sumaq kimi acı, turş yeməklər qoyulur! Acı hara Bayram havası hara?! "Buyurun, ağzınızı şirin eləyin.", "Ağzın şirin olsun!" kimi xeyir sözlər işlənən aynda (Ərəbicə mərasimdə) acı sarımsağın, turş sumağın nə anlamı ola bilər ki? Bəziləri qarşıtlar fəlsəfəsini irəli sürüb gecə ilə gündüz, ağ ilə qara, eləcə də şirin'lə acının bir arada olması şərtini irəli sürə bilər. Ancaq Türk dünya görüşündə Bayram hal-havası ancaq keçmiş qışdan ölüb yazda yenidən doğulmaq yaxud birdəfəlik dəyişmək fəlsəfəsi ilə bayram tutulur. Elə ona görə də ölüləri anmaq üçün "Qara Bayram" olaraq ilin son Cümə axşamını bu ayn üçün nəzərdə tuturlar. Beləlik'lə də qarşıtlar fəlsəfəsinin burada keçəri qalmır. Ondan başqa çox zadlar "s" herfi'lə başlayır, elə hər nə /s/ səsi'lə başlasa, süfrəyə qoyula bilərmi? Yox artıq! Daha nələr?!!
Bayram ayı ilin, həm də qışın son ayı dır. Bu ayda insan yaşayışının dəyişməsinin başlıca görüntü yaxud simgəsi olaraq ev tökmə aynı'yla başlayar. Bu aynda evin hirsi-tozu alınar; kilimlər, xalılar yuyular; evin hər yeri arınıb sil-süpür olunar; göy göyərdilər. Ev tökmə bitdikdən sonra, bayram ayının son günlərində "Bayram süfrəsi" qoyular. Bu süfrə evdən evə, xanımların səliqəsi, bir də o evin var-dövlətinə görə bir-birindən fərqli görünsə də, əslində süfrəyə qoyulan o yeddi qələm nəsnə eyni olar. Bayram süfrəsində qoyulan hər nəyin özünə anlamı var. Başqa söz'lə, o süfrədəki hər nə özünə bir imgə, bir simbol dır.
Ev böyükləri gənclərə belə bir tapşırıq verər: "Süfrəyə bərəkətlərdən (ikisin, üçün, dördün, besin, altısın yox) YEDDİSİN qoyun". O yeddi dənə bunlardan ibarət olur:
1. Göy bərəkəti: Quran, Su, ayna/güzgü, yanar şam (bu simgələr toy aynında (mərasimində) də görünür. Onlar hamısı aydınlığı təmsil edən rəmzlər dir. Aydınlıq istəyi bütün aynlarımızda başda gəlir. Bu aydınlıq gözdə, qulaqda, beyində, ürəkdə, bir söz'lə, bütün varlığımızda yaranmalıdır. Örnək üçün, Quranı elçisinə yollayan Allahın insan oğluna ilk tapşırığı bu olub: “إقرأ” yəni “OXU!”. Aydınlığın əzəli-əbədi yolu elə bu oxumaqdan başlayır.
2. Yer bərəkəti: buğda (qovurqa)
3. Torpaq bərəkəti: səməni, göy
4. Ağac bərəkəti: alma, iydə, badam, cəviz/qoz, kişmiş, fındıq
5. İş bərəkəti: sikkə, pul (xırda pul'sa, göyün içinə, kağız pul'sa, Quranın içinə qoyulub il süftəsi verilir)
6. Heyvan bərəkəti: (Soğan qabığı'yla boyanmış) yumurta
7. Süfrə bərəkəti: şirnilər, noğul, şokolad
Bizdəki o 7 o vaxtlar göz'lə görünə bilən yeddi ulduz-gəzəgən, yaradılışın yeddi gün çəkməsi, göylərin yeddi qat olması, Nəsiminin yaradıcılığının binövrələrindən sayılan Allahın görsəntisi (təzahürü) olan insan üzündəki yeddi cizgi, Həmd surəsinin yeddi ayəsi (Ərəbicə Səbülməsani, سبع المثانی), həftənin yeddi günü və hər gün üçün özəl bərəkət ya nemət istəyi kimi qutsal inamlardan irəli gəlib.
“7” Türk ulusunun bütün dünya görüşündə özünə geniş yeri var. Örnək üçün bu bayatıda elimiz niyə “yeddi” oğul istəyir?
Gəlin, gəlin, duz gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin!
Milli qəhrəmanımız, ulu mifimiz Koroğlunun 7000, bəzi deyimlərdə 77000 dəlisi var. Klasik ədəbiyyatımızın zirvəsi olan Nəsimi rübailərindən üç örnək:
"Ey qaşın'la kirpiyin, zülfün yedi (7),
Ol yedi (7) kim Şeytan onu bilmədi;
Həqq bu sirri Əhmədə kəşf eylədi
Onun üçün adını "Ümmi" dedi.
Həqq dedi kim yer yedi (7) vü göy yedi (7),
Laməkan təxtində gizli dir yedi (7);
Gizli Adəmdə əyan oldu yedi (7),
Dörd yedi bir kez nədən oldu yedi?
Quranda Təlaq surəsi, 12-nci ayədə buyurur: "Yeddi göyü, yerdən də oncasını yaradan Allah dır." Ərəb dilinin əlifbası da 28 dənə dir: 28 ÷ 4 = 7.
Kirpiyin qaşın'la zülfün dir yedi (7),
Yer yedi vü göy yedi, Sən də yedi (7);
Nə səbəbdən həftənin adı yedi (7)?
Bunda hikmət var dırır: Müshəf yedi (7)!" 1
[1] Nəsimi İ. Əsərləri, III cilddə (əski əlifbada), II, Azərbaycan SSR Elmlər Akademiyası Redaksiya Nəşriyyat Şurası, Bakı: Elm Nəşriyyatı, 1973, ss.470-471
Şərh Yazın