“Sənə hədiyyə olunan ürəyi sinəndə qəlbə çevirməlisən” Dr. Samir Əsgərov.
İşim gərəyi adətən həkimlərlə daima ünsiyyətdə olduğum üçün həkim psixalogiyasını və mədəni-etik xüsusiyyətlərini, demək olar ki, əzbərləmişəm. Bütün həkimlərə məxsus ümumi və oxşar cəhətlər var . Çox az hallarda nadir psixikaya, xüsusi ruhi-hala, zərif etik dəyərlərə məxsus həkim-insanlarla qarşılaşıram. Bu cür insanlardan biridir dr. Samir Əsgərov!
İxtisasca kardioloq olan Samir həkim təkcə ürək həkimi deyil, həm də terapevt, psixiatr, endokrinoloq, nevroloq və müəllimdir. Onunla hər söhbətimizdə dönə-dönə əmin oluram ki, bir akademi dərs saatı qədər həyat elmini öyrənmək mümkündür.
Bir həkim bilik, bacarıq, təcrübə və metodologiyası olmadan düzgün diaqnoz qoya bilməz. Bu da o deməkdir ki, həkimin İQ səviyyəsi digər ixtisas sahələri ilə müqayisədə daha yüksək olmalıdır. Çünki həkimə malımızı, işimizi deyil, canımızı əmanət edirik. Bu mənada Samir həkimin İQ səviyyəsi məni həmişə təəccübləndirib. Çünki özünəməxsus fəlsəfi ornamentlərlə bəzədiyi aksiomaları, tezisləri var. Bəzən ixtisasına aid olmayan sahələrdə də elmi-nəzəri mülahizələr yürütmə bacarığına heyranam. Özünüinkişaf, özünütəlqin, özünütəlim müəllimlərə xas xüsusiyyət olsa da, dr. Əsgərov özünəməxsus bir həkim nəzakəti ilə özünü davamlı inkişaf etdirir. Və bunu edərkən eqo, kibir, yekəxanalıqla deyil, son dərəcə etikayla davranır, danışır. Həkimin qəbulunda olan xəstələr elə oradaca psixaloji rahatlıq tapırlar. Çünki onun hər cümləsi, hər sözü , hətta susaraq, gözləriylə fikrini çox rahatlıqla ifadə etmə ustalığı da pasiyentlərində vərdiş etmədikləri bir duyğu seli yaradır. “Həkim, buraya gələnə qədər çox pis idi halım, bütün ağrılarım kəsdi vallah” –deyən pasiyentlərini görəndə bir daha fikirlərimin dəqiqliyinə əmin olmuşam.
Samir həkim bu dünyanın o biri üzündən qopub gələn bəşər övladıdır. Maddi dünyayla əlaqəsi yoxdur. Çox qazanmaq, zəngin olmaq, pasiyent çoxluğu və şöhrətpərəstlik onun xarakterinə yaddır. Bütün pasiyentlərinin, hətta illər öncəki xəstələrinin də diaqnozunu, dərmanlarını, onlarla olan söhbətlərinin hər detalını zərgər dəqiqliyi ilə xatırlayır. Bəlkə də xatiratlarını yazsa bestseller olar. Xüsusən də Klivlenddə təhsil aldığı illərin şirin, munis yadigarları var. Bəzən ordakı təcrübələrini bölüşür. Özünün müayinə, müalicə istiqamətlərində Amerikadakı öyrəndiklərini sintez edərək tətbiq edir.
Onu öz diliylə təqdim etmək üçün sonuncu söhbətimizdən bir neçə sual-cavabı sizə təqdim edirəm:
Sayın dr. Əsgərov, Amerikada doctor olmaqla, Azərbaycanda həkim olmağın nə kimi fərqləri var?
- Mən Amerikada olanda orada azərbaycanlı, türk, iran və başqa ölkələrdən həkimlər vardı. Mənim hər sözüm niyəsə ameriaklılara xoş gəlirdi. Rahat münasibət qura bilirdim. Orada həkim sadədir, bizdəkilər bəs hardan öyrənirlər bu davranışı? Axı onun müəllimi elə deyil! Bizdə xarakter ya genetik, ya da mental dəyərlərə söykənərək dəyişkəndir.
Həkim, heç elə olurmu ki, xəstə sizə kobud, sərt davranır və əsəbləriniz tarım çəkilir?
- Əslində olmur. Çox nadir hallarda olur. Onda da kobud, sərt, qəddarca falan deyil, sadəcə bir az qalın səs tonuyla fikrimi qısaca izah edirəm. Gerisini özü bilər. Çünki Allahdan istəməli olduğunu məndən istəyə bilməz. İki dəfə olub belə hal ki, demişəm, Allahdan istəməyin gərəkəni məndən istəmə, Ondan istə.
Bəs ürəyi xəstə birisi sizə müraciət edən zaman sizdən nə istəməlidir, Allahdan nə istəməlidir?
- Ümumiyyətlə, öncə Allahdan istəməlidir. Allahdan şəfasını istəməlidir. “Böyük sənsən (Allahu-Teala), gəlmişəmsə bu həkimin yanına bu həkimin əliylə ver şəfamı. Bu həkimin nuruyla, elmiylə, bacarığıyla ver. Həkim də müalicə edərkən Allah şəfa versin deyir mütləq.
Bəs sizcə həkimin elmi, biliyi, yoxsa üzündə nuru önəmlidir?
- Birmənalı! Eynşteyn deyib ki, elmə, alimliyə başlayan adam öncə ateist olur. Elmin dərinliyinə varanda isə Allahı tanıyır. Həkim olmaq üçün birinci növbədə insan kimi genetikan, tərbiyən olmalıdır. Çünki sən elmli ola bilərsən, amma qarşındakı adama fikrini doğru, səmimi, duyğusal olaraq çatdıra bilməsən, o xəstəni sağalda da bilməyəcəksən. Elə hallar olub ki, xəstə gəlib, baxmışam ki müalicə düzgün gedib, amma nəticə 30 faizdir. Çünki həkimlə xəstə arasında duyğusal əlaqə olmayıb. Nurunu, imanını qarşındakı insana ötürə bilməyəndə həkim xəstə əlaqəsi də alınmır. Bu da xəstəliyin sağalma perioduna mütləq təsir edir. Bir də hazırda insanların bu duyğuya, nura daha çox ehtiyacı var. Xüsusən də həkim və müəllim ixtisaslarında. Çünki biri yetişdirir, digəri yetişən bədənin sağlamlığını qoruyub saxlayır. Əgər bunların insanlarla münasibəti düzgün zəmində qurulmasa, faciə olar tək insan üçün deyil, gələcəkdə bəşəriyyət üçün də.
Doktor, bildiyiniz kimi, kardioloq olmaqla, cərrah, ginekoloq, stomatoloq olmaq çox fərqlidir. Sizin predmetiniz ürəkdir. Ürək də ən həssas, duyğusal orqan və Allahın bəxş etdiyi sevgi simvoludur. Bu da o mənaya gəlir ki, ürək həkimləri daha duyğusal və anlayışlı olmalıdır. Sizcə də bu belədirmi?
- Ürək dediyiniz kimi simvolik işarəsini bir çox sahələrdə də işarə kimi istifadə olunur. Diqqət edin mən ürək dedim. Çünki ürək orqandır. Qəlb onun ruhudur. Könül qəlbin sinonimidir, qəlblə ağlın birliyidir.
- O ki qaldı stomatologiya falan dediniz. Predmeti diş, damaqdır. Orada ruh yoxdur, amma həkimin hansı ruh halıyla o işi görməsi vacib məsələdir.
- Və ya belə bir misal çəkim, bəzən deyirik filankəsin əlinin dadı çox yaxşıdır. O, əlinin dadı deyil. Əldə dad olmur ki?! Yaxud bütün inqridentləri yeməyə qramla tökməklə yemək peşəkarcasına hazırlanmış sayılmır. Gözəyarı əlavə etdiyimiz şeylərə ruhumuzu qatdığımızda ona xüsusi dad gəlir. Tibbin işi də budur. Məsələn ürək cərrahlarının işi ürəyə toxunmaqla, ani vəziyyətlərdə açıq əməliyyatlarla keçir. Bəzən işinə görə ürəyi əlinə alır həkim. O da xüsusi duyğudur, sözlə ifadəsi olmayan. Gərək duyasan, yaşayasan o hissi və ona görə qərar verə, davam edəsən o an. Hər kəs duya bilməz bunu da. Biz kardioloqlar kəsmirik, ürəyə açıb toxunmuruq. Bizə daha çətindir pasiyentin ürəyinə yol tapmaq. Mənim bir devizim var: “Sənə hədiyyə olunan ürəyi sinəndə qəlbə çevirməlisən”. Burada iki məna var. Birinci ürəyi bizə Allah verib. Biz özümüz onu tərbiyələndirməli, öyrətməli, duyğuyla yükləməli qəlbə çevirməliyik.
Son vaxtlar kardioloji xəstəliklərin gəncləşməsini necə izah edərdiniz?
- Çox aktual və ən çox verilən sualdır. Bəli əfsus ki, ürək xəstəlikləri indi gənc yaşlarda daha çox özünü biruzə verir. Bu da mən az əvvəl dediyim qəlb məsələsiylə əlaqədardır. Anlamamazlıqdan gəlir. Hər şeyi maddiləşdiriblər. İnsanlar yaşamağı, ruhlarını saxlamağı unudublar. Həyat işləməkdən ibarət olub. Siqaretə meyllilik, səliqəsiz yemək rejimi, qidaların keyfiyyətsizliyi buna təsir edir. İnsanlar enerjili qalmaq üçün xüsusi içkilərdən istifadə edirlər. Əslində isə istirahət, düzgün qidalanma, səmərəli vaxt keçirmək yetərlidir.
Sizcə hazırda çəkilən filmlər və oxunan mahnıların insanların psixikasına nə kimi təsirləri var?
- Hollivudun yaranmasının əsas səbəbi insanlara təsir etmək olub. Bu gün də dünyanın ən məşhur film studiyaları o ərazidədir. İnsanlara təsir gücünə görə hələ də qorunub saxlanır. Təbii ki bu da sosial, iqtisadi təsirləri olduğu kimi tibbi cəhətdən də yan təsirlərini göstərir. Hətta onu da deyim ki, bəzi mental dəyərlər qorunub saxlanılmalıdır. Amma sürətlə dəyişir və filmlərdəki seksual səhnələr artıq o qədər adi hal alıb ki, insanlar da bunu özlərinə prioritet seçirlər. Film həyatın bir anıdır. İnsanlar isə orada gördüklərini tətbiq etmək üçün, təbii ki, müəyyən preparatlardan istifadə edirlər. Nəticədə ürək normal ritmindən çox artıq döyünür, yüklənir, ağırlıq qaldırmalı olur. Və dərmanın özünün də digər yan təsirləri buraya əlavə olunur. Bu da zamanla kardioloji xəstəliklərə rəvac verir. Sonra da deyirik, ay həkim, mən axı niyə belə oldum?
Samir həkim, balaca pasiyentləriniz də olur. Onların müayinəsi böyüklərlə müqayisə oluna bilərmi? Nə hiss edirsiniz elə durumlarda?
- Bizim üçün hər pasiyent özəldir, həm də eynidir. Təbii ki, uşaqlar mələkdir, güldür, o mənada, onlarla ünsiyyət daha emosional, daha uşaqlaşmış, sevimliləşmiş sayağıdır. Digər tərəfdən də axı onların ürəyi bapbalacadır. Bu bizi daha çox həyacanlandırır ki, birdən nəsə xəstəlik aşkarlansa, bu balaca ürək tablaşacaqmı? Heç nə aşkarlanmadıqdakı sevincimizi də birə min artır.
Predmeti ürək, qəlb olan həkimimizin ixtisasının simvolu da sevgi rəmzidir. Bəs sizinçün sevgi nədir? Nə məna ifadə edir?
- Gözəl sualdır. Sevgi insanların bir-birindən xoşlanması deyil, bir-birinə münasibətidir, davranışıdır. Ümumilikdə, sevgi məfhumu geniş anlayışdır. Biz onu əks cinsin münasibəti ilə ölçməməliyik sadəcə. İnsanların cinsindən, yaşından asılı olmayaraq sevməliyik. Əsas nüans münasibət tərzi, davranışdadır.
- Bəzən birisinin xasiyyəti çox ağır olur, amma digər birisi səbəbini bilmədən sevir o insan. Amma qarşı tərəfin münasibəti ona xoş gəlmir, onu tamamlamır. Bu ilahi bir sevgidir. Total onun qazandığı sevgi deyil. Qarşındakı sevgini qazanmalıdır. Qarşısındakı insanın ehtiyacı olmadan ona doğru getməli, ona özünü hərəkətləri ilə, situasiyalarla ifadə etməlidir. Çünki Sevgi davranışlar üzərində qurulan duyğusal mexanizmdir.
21 yaşındakı həkim Samir Əsgərovla 41 yaşlı Samir həkimin nə fərqi var?
- Düzünü deyim ki, mən heç bir fərq hiss etməmişəm. Tamamilə xarakterim, baxış bucağım eynidir. Həmişə dostlarımla danışanda da deyirlər ki, evləndin də sən dəyişdirmədi. Çünki mən həmişə eyni məsuliyyətlə, eyni cavabdehliklə, eyni səmimiyyətlə yaşadım. İnsanlarla münasibətimdə, küçədə davranışımda, cəmiyyətdə eyniyəm. Əslində ruhən də 41 yaşında deyiləm. Çox gəncəm. Və bu mənə çox xoşdur.
Həkimizlə söhbətimizin sonunda dr.Əsgərov mənə 2 şeyin əbədi olduğunu bildirdi: “Ədalət və sevgi. Ədalət bu dünyada olmasa da, o biri dünyada təcəlli edir, sevgi də eynilə, formasını dəyişərək ilahi eşqlə əvəzlənir və hər ikisi əbədiyyət rəmzidir”- dedi. Mən də öz növbəmdə sevimli, sentimental doktorumuzun peyğəmbərlik yaşı sayılan 41-ci baharına qədəm qoymağı münasibətilə cani-könüldən təbrik edir, ona dünyanın ən gözəl iki nemətini- can sağlığı və ailə səadətini doya-doya yaşamağını arzu edirəm.
P.S. Bəs sizin kardioloqunuz kimdir?!
Rübabə SAHİB
Tənqidçi, publisist
PR&MEDİA üzrə mütəxəssis
Şərh Yazın