Manhetten Federal Məhkəməsinin münsiflər heyəti FTX kriptovalyuta birjasının təsisçisi Sam Bankman-Friedi birjasının iflasına səbəb olan kütləvi fırıldaqçılıqda təqsirli bilib.
Reyting.az “Röyter”ə istinadla xəbər verir ki, prokurorların fikrincə, Bankman-Fried kripto birjasının müştərilərindən səkkiz milyard dollar oğurlayıb. O, bütün yeddi maddə üzrə təqsirli bilinib.
Qeyd olunur ki, ABŞ-ın Dairə Hakimi Lyuis Kaplan Bankmen-Fridin cəzasını 28 mart 2024-cü il tarixinə təyin edib.
Müdafiəçi Mark Koen məyus olduğunu, lakin münsiflər heyətinin qərarına hörmət etdiyini deyib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxs özünü təqsirsiz hesab edir və ona qarşı irəli sürülən ittihamlarla mübarizəni davam etdirəcək.
Bankman-Fried gələn ilin martında prokurorlar tərəfindən irəli sürülən ikinci ittiham, o cümlədən xarici rüşvət və bank fırıldaqları ilə bağlı məhkəmə qarşısına çıxarılacaq.
Sam Bankman-Frid amerikalı keçmiş milyarder və müflis olmuş kriptovalyuta birjası FTX-in yaradıcısıdır. 2021-ci ildə zirvəsinə çatan FTX dünyanın ən böyük kriptovalyuta birjalarından biri idi. Ancaq 2022-ci ilin noyabrında müflis olub və Bankman-Fried-in sərvəti bir neçə gün ərzində yoxa çıxıb. Həmin ilin dekabrında iş adamı Baham adalarında həbs olunub, ABŞ səlahiyyətliləri onu dələduzluq və çirkli pulların yuyulmasında ittiham edib. Qanuna görə, onu maksimum 110 il həbs cəzası gözləyir.
Keçən ilin sonlarında, FTX iflas iddiasından bir neçə saat sonra, kriptovalyutadan təxminən 372 milyon dollar dəyərində token oğurlanıb. Eyni zamanda, Baham adalarının səlahiyyətliləri vəsaitlərin yoxa çıxma riskləri səbəbindən bu kriptovalyutanın aktivlərini 3,5 milyard dollardan çox müsadirə edib.
2023-cü ilin oktyabrında Bankman-Fried-in keçmiş ABŞ prezidenti Donald Trampa 2020-ci ildə yenidən namizəd olmamaq üçün pul ödəməyi düşündüyü bildirilir.
Şərh Yazın