DAİM.AZ xəbər verir ki, Almaniyanın Köln şəhərində İspaniyanın “Sevilya” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə “Sevilya” bu turnirdə altıncı, Milan klubu isə beşinci finalını oynayacaq.
“Sevilya” bu turniri ən çox qazanan komanda ünvanını qoruyub saxlayır. 2006, 2007, 2014, 2015 və 2016-cı illərdə “Sevilya” bütün finalların qalibi olub.
“İnter” isə həmin titulu üç dəfə qazanıb və bu göstəricidə “Liverpul”, “Yuventus” və “Atletiko” ilə eyni göstəricidədir. Bu komanda turnirin adı UEFA Kuboku adlandırıldığı vaxtlarda –1991, 1994 və 1998-ci illərdə Avropa Liqasının qalibi olub. Yalnız “İnter” 1997-ci ildə Almaniyanın “Şalke” klubu ilə final görüşlərindən (o vaxt final iki görüşdən ibarət idi – S.M.) məğlub ayrılıb.
“Sevilya” UEFA Avropa Liqasında mübarizəyə qoşulub və “Qarabağ”ın da yer aldığı A qrupunu birinci sırada başa vurub. Əndəlüs təmsilçisi Ağdam klubuna 2:0 və 3:0 hesabları ilə qalib gəlib. Komanda 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda “Roma” (İtaliya), 1/4 finalda “Vulverhempton” (İngiltərə) və yarımfinalda “Mançester Yunayted” (İngiltərə) komandalarına qalib gəlib.
“İnter” isə avrokubok mövsümünə UEFA Çempionlar Liqasında başlayıb. Qrupda üçüncü yeri tutduqdan sonra Avropa Liqasına düşən İtaliya klubu bu turnirdə sıra ilə “Ludoqorets” (Bolqarıstan), “Xetafe” (İspaniya), “Bayer” (Almaniya) və “Şaxtyor”u (Ukrayna) məğlub edib.
Qeyd edək ki, hər iki komanda gələn mövsüm finalda uduzmasından asılı olmayaraq UEFA Çempionlar Liqasında çıxış edəcək. Çünki həm “Sevilya” İspaniyanın dördüncüsü kimi, həm də “İnter” İtaliyanın ikincisi kimi Çempionlar Liqasında iştirakı özü üçün təmin edib.
Şərh Yazın