Hikmət Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub.
Gəncədəki 24 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrində tam ali təhsil alıb.
NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal Mərkəzi və Belçikanın ULB Universitetinin magistr pilləsinin məzunudur.
Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdə və Misirdəki səfirliklərində çalışıb.
H.Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.
29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Rus, türk, ingilis və fransız dillərini bilir.
Ailəlidir, iki övladı var.
Şərh Yazın