Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşirinin APA TV-yə müsahibəsi
- Bakıya xoş gəlmisiniz. Əvvəlcə özünüz haqqında məlumat verin. Bildiyim qədərilə Polşada yaşayırsınız. Orada hansı işlə məşğulsunuz?
- Mənim 49 yaşım var. 1970-ci ildə Polşada anadan olmuşam. Uşaq olanda Tehrana köçdük və bir neçə il orada yaşadıq. 1984-cü ildə Polşaya qayıtdıq və o zamandan bəri orada yaşayıram. Polşada Politexnik Universitetinin məzunuyam. Hazırda böyük polyak firmalarının birində mühəndis vəzifəsində işləyirəm.
- Nəyə görə soyadınız Məmmədquluzadə yox, Cavanşirdir?
- Mən üçüncü nəslin nümayəndəsi, yəni Cavanşiriyəm. Ondan əvvəl soyadımız Məmmədquluzadə idi. Lakin babam Ənvər SSRİ-dən İrana qaçdığı dövrdə məcburən soyadını Cavanşir olaraq dəyişdirib. Yəni öz anasının soyadını götürüb. Səbəb isə onu Sovet dövrü rəhbərliyinin tapmasının mümkün olmamasıdır.
- Müsahibələrinizin birində Azərbaycana gəlmək arzusunda olduğunuzu demisiniz. Hazırda vətəndəsiniz. Təəssüratınız necədir?
- Azərbaycana-Bakıya cəmi iki gündür ki, gəlmişəm. 10 il bundan əvvəl Bakı şəhərinin necə olduğunu bilmirəm. Çünki bura gəlməmişəm. Bu gəlişim ilkdir. Ancaq onu deyə bilərəm ki, bura qonaqpərvər yerdir. Tam səmimiyyətimlə deyə bilərəm ki, Polşada belə gözəl şəhər görə bilməzsiniz.
- Cəlil Məmmədquluzadənin nəticəsi olduğunuzu necə bildiniz?
- Cəlil Məmmədquluzadənin ulu babam olması haqqında məlumatım çoxdandır ki, var. Ailəmizdə daim o barədə danışırdıq. Lakin təsəvvürümə nə qədər böyük yazıçı olmasını və Azərbaycan xalqı üçün önəmli şəxsiyyət olmasını gətirə bilmirdim.
- Cəlil Məmmədquluzadə haqqında nə qədər məlumatlısınız?
- Düzünü desəm, indiyə kimi onun haqqında məlumatım elə də zəngin olmayıb. Lakin bura gələndən sonra necə böyük şəxsiyyət olduğunun şahidi oldum. O, Fəxri Xiyabanda dəfn olunub, ev muzeyində şəxsi əşyalarını gördüm, bununla da burada ona olan diqqəti, marağı hiss etdim.
- Mirzə Cəlilin oğlu Ənvər, yəni sizin babanız sovet qoşunlarının tərkibində İrana gedib. Nə üçün getmişdi və SSRİ-dən necə çıxa bilib? Çünki SSRİ-dən xaricə getmək asan olmayıb...
- Bu haqda çox məlumatlı biri deyiləm. Sadəcə, bilirəm ki, 1941-ci ildə Sovet ordusu İrana daxil olanda o da həmin ordunun tərkibində həkim qismində İrana getmişdi.
- Ailənizdə Mirzə Cəlilin yolunu davam etdirən varmı?
- Xeyr, təəssüflər olsun ki, ailəmizdə yazıçı yoxdur.
- Bakıda yaşamaq istərdinizmi?
- Artıq elə bir yaşdayam ki, yaşadığım yeri dəyişmək məqsədəuyğun deyil. Bütün ailəm, tanışlarım hazırda Polşada yaşayır. Fikirləşirəm ki, mənim üçün çox çətin olar. Bizdən sonra gələn gənc nəsil isə gələcəkdə harada yaşaması ilə bağlı özü qərar verəcək.
- Ailənizdə Cəlil Məmmədquluzadə haqqında tez-tez söhbətlər gedir?
- Bəli, çünki biz dahi şəxsiyyətin nəslinin nümayəndəsiyik. Ailəmizdə onun haqqında tez-tez söhbətlər gedir. Çalışırıq ki, onu daha yaxından tanıyaq.
- Polşada doğulduğunuzu bildirdiniz. Sonra İrana köçmüsünüz. İran-İraq müharibəsi başlayanda yenidən Polşaya qayıtmısınız. Bu qədər yerdəyişmə sizdə məskunlaşma, adaptasiya olmaqla bağlı çətinlik yaratdımı?
- Polşa mənim üçün yad bir yer deyildi. Çünki anam polyakdır. İranda yaşamağımıza baxmayaraq, hər ilin yayı Polşaya gəlirdik.
- Cəlil Məmmədquluzadənin nəticəsi olduğunuzu biləndə hansı hissləri keçirdiniz?
- Onun ölümündən 40 il sonra anadan olduğuma baxmayaraq, fəxr edirəm ki, Cəlil Məmmədquluzadə kimi şəxsiyyətin nəticəsiyəm.
- Bakıda - Fəxri Xiyabanda Cəlil Məmmədquluzadənin məzarını ziyarət etdiniz. Onun Azərbaycanda belə böyük şəxsiyyət olduğunu biləndə hansı hissləri yaşadınız?
- Ona olan fəxrim birə-beş artdı. Çünki Azərbaycan xalqı üçün bu qədər önəmli və dəyərli insandır.
- Nə əcəb indiyə kimi Azərbaycana gəlməmişdiniz?
- Təəssüf ki, Azərbaycana gələ bilmirdim. Polşada yaşayırdım. Düzünü desəm, emosional bağlılıq da yox idi. Ancaq dərk edirdim ki, mənim qanım, nəslim bu ölkə ilə bağlıdır.
- Ümumiyyətlə, bura gələnə qədər Azərbaycan haqqında nə bilirdiniz ?
- Azərbaycanın qədim, neftlə zəngin və mənim ulu babamın vətəni olduğunu çox gözəl bilirdim.
Şərh Yazın