Cənubi Afrikada aşkarlanan yeni “omicron” ştamının əlamətləri digərlərindən fərqlənir. Virus vaksin olmayanlar, o cümlədən yaşlılar üçün təhlükəlidir. Hazırda virusun bu ştammı ilə bağlı dünya təşviş içərisindədir, çünki “omikron”un dəfələrlə təhlükəli və yoluxdurucu olduğu bildirilir. Bir çox ölkələr yeni ştamın qarşısını ala bilmək üçün hava sərhədlərini bağlayırlar və Afrika ölkələrinə reysləri dayandırırlar.
virtualaz.org “omicron” ştamını ilk aşkarlayanlardan biri, Cənubi Afrika Həkimlər Assosiasiyasının prezidenti Angelique Coetzee əvvəlcə “Nu” adlandırılan yeni ştamın simptomları və əlamətləri ilə bağlı açıqlama verib. İngilis KİV-lərinə danışan həkim “omicron” ştamının simptomlarının digərlərindən qeyri-adiliyi ilə fərqləndiyini bildirib. “Yeni ştam qeyri-adi simptomlarla fərqlənir, lakin vaksin olanlar yüngül keçirirlər. Vaksin edilməyənlərə, o cümlədən yaşlılara təsir edir”, - həkim bildirib.
İy və dadbilmə hissi itmir, amma...
Coetzee bildirib ki, noyabrın 18-də həddindən artıq yorğunluq və digər simptomlarla müraciət edən 4 nəfərlik ailənin müayinəsindən sonra Cənubi Afrika Peyvənd Məsləhət Komitəsinə məlumat verib. Həmin ailənin simptomları digərlərindən fərqli və bir qədər yüngül olub.
İndiyədək test edilən 20-ə yaxın şəxsdə yeni ştam aşkarlandığını deyən mütəxəssis onların əksəriyyətinin gənc olduğunu vurğulayıb. Yoluxanların yarısı peyvənd olunmayıb. “Omicron” ştamına yoluxanların iy və dadbilmə hissi itməyib. Amma xəstələr həddindən artıq yorğun və halsızdılar.
Coetzee “omicron” ştamı aşkarlanan xəstələrdə bir və ya iki gün əzələ ağrısı, xüsusilə də hədsiz yorğunluğun qeydə alındığını da xatırladıb. Bəzilərində yüngül öskürək əlamətləri müşahidə edilir.
6 yaşlı qızda müşahidə edilən əlamətlər isə…
Həkim 6 yaşlı qızda müşahidə edilən əlamətlərdən də danışıb. Coetzeenin sözlərinə görə, uşağın hərarəti olub, ürək döyüntüləri birdən-birə yüksəlib. Uşağı xəstəxanaya yerləşdirmək istəyiblər: “Sonra qərara gəldim ki, bir qədər gözləyək. Cəmi iki gündən sonra uşağın vəziyyəti yaxşılığa doğru dəyişməyə başladı”.
O da məlum olub ki, yoluxanların əvvəlcədən xroniki xəstəlikləri olmayıb. Bununla belə, həkim xəbərdarlıq edib ki, şəkər xəstələri, ürək-damar problemləri olanlar, vaksin edilməyənlər və yaşlılar yoluxarlarsa, ağırlaşmalar qeydə alına bilər.
Yeni ştam noyabrın 11-i aşkarlansa da, həkimlər tərəfindən noyabrın 24-də təsdiqlənib. İnfeksiyaya yoluxanların əksəriyyəti gənclərdir.
Həkim Angelique Coetzee deyir ki, bu günə qədər izlənilən xəstələrdə "son dərəcə yüngül simptomlar" var - lakin həssas insanlar üçün xəstəliyin ciddiliyini bilmək üçün daha çox vaxt lazımdır.
Alfa, beta, qamma və delta variantları Covid-19-un bütün dünyada yayılan minlərlə müxtəlif versiyalarından və ya variantlarından yalnız bəziləridir. Virus insandan insana nə qədər uzun müddət keçərsə, yeni variantın meydana çıxması və peyvənd proqramlarını təhlükəyə atma ehtimalı bir o qədər yüksəkdir.
Bəzi elm adamları Cənubi Afrikada B.1.1.529 kimi tanınan ən yeni Covid variantının "indiyə qədər gördüyümüz ən pis variant" olmasından narahatdırlar. Ekspertlərə görə, Omicron Çinin Wuhan şəhərində ortaya çıxan və pandemiyaya səbəb olan variantdan köklü şəkildə fərqlənir. Bu o deməkdir ki, hazırda yaradılmış vaksinlər Omicron-a qarşı kifayət qədər təsirli olmaya bilər.
Məsələn, bəzi mutasiyalar bu virusu insan orqanizmindəki anticisimlər tərəfindən tanınmasını xeyli dərəcədə çətinləşdirir. Və N501Y kimi tanınan mutasiya virusu daha yoluxucu edir və bu kimi mutasiyalar infeksiyanın geniş yayılmasına gətirib çıxarır.
Bundan əlavə, yeni variant, güman olunduğuna görə, virusu asanlıqla tanıya bilən insan immun sisteminin bəzi mexanizmlərindən yan keçə bilir. Əhalinin peyvəndləmə faizi yüksək olan ölkələrdə "omicron"un özünü necə aparacağı hələlik bəlli deyil.
Koronavirusun yeni variantının səbəb olduğu xəstəliyin Delta variantı ilə müqayisədə nə qədər yüngül və ya agır keçdiyi də hələlik aydın deyil. Laboratoriya testləri davam edərkən, ÜST ölkələri epidemioloji təhlükəsizlik tədbirlərini gücləndirməyə və "omicron"un yayılması ilə bağlı statistikanı müntəzəm təqdim etməyə çağırıb.
Şərh Yazın