Noyabrın 25-i gecə saatlarından başlayaraq Daşkəsən rayonuna güclü qar yağıb. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev Reyting.az-a bildirib ki, qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15-20 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.
E. Əliyev əlavə edib ki, rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq xidmət strukturları səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparılır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmayıb.
Qarın yağması rayon ərazisində olan ümumtəhsil məktəblərində şagirdlərin dərslərə davamiyyətinə də təsir etməyib. Rayonun bütün idarə və təşkilatları işlərini hava proqnozlarını nəzərə almaqla qurur.
Şərh Yazın