DAİM.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təntənəli açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, universitetin rektoru Dmitri Boçarov, Dneprdə yaşayan Azərbaycan diaspor fəalları, universitetin rəhbər heyəti və şəhərin ictimai-siyasi xadimləri, yerli KİV-lər iştirak ediblər.
Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndikdən sonra açılış mərasimində çıxış edən səfir E.Axundova bildirib ki, bu cür mərkəzlərin açılması Azərbaycan haqqında reallıqların, onun tarixinin və mədəniyyətinin, təhsilinin təbliği üçün gözəl platformadır. Mərkəzin açılmasında göstərdiyi dəstəyə görə Dnepropetrovsk Azərbaycanlıları Liqasının rəhbəri Sərxoş İsmayılov və universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfir qeyd edib ki, Mərkəzin açılması iki ölkə arasında dost münasibətlərin növbəti bariz nümunəsidir.
Universitetin rektoru D.Boçarov çıxış etdikdən sonra memorial lövhənin açılışı oldu. Daha sonra tədbir iştirakçıları Azərbaycan-Ukrayna Mərkəzində yaradılan şəraitlə tanış olub və səfirlik tərəfindən gətirilən kitablar Mərkəzə hədiyyə edilib.
Mərkəzin açılış mərasimindən sonra universitetin rektoru ilə səfir arasında görüş keçirilib. Görüşdə təcrübə, tələbə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Daha sonra Dneprin digər ali məktəbində Azərbaycan-Ukrayna Mədəniyyət və İnformasiya Mərkəzinin açılması üçün rəsmi imzalanma mərasimi keçirilib.
Rəsmi imzalanma mərasimindən öncə səfir E.Axundova və Dnepr Texniki Milli Universitetinin rektoru Genadi Pivnyak arasında görüş keçirilib. Rektor bildirib ki, universitetin Azərbaycan diaspor üzvləri ilə fəal əməkdaşlığı mövcuddur və bu əməkdaşlığın nəticəsidir ki, ali təhsil ocağında Azərbaycan-Ukrayna Mədəniyyət və İnformasiya Mərkəzi açılıb. Rektor rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu bildirib. Hər iki ölkənin universitetləri arasında tələbə, müəllim və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Səfir E.Axundova öz növbəsində göstərdikləri dəstəyə görə universitet rəhbərliyinə və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədova təşəkkürünü bildirərək, Azərbaycan dövlətinin bu cür layihələrə hər zaman dəstək verdiyini söyləyib. O, görüşdə səslənən təkliflərin dəyərləndiriləcəyini və müvafiq addımlar atılacağını qeyd edib.
Sonra Mərkəzin yaradılmasına dair sənəd rektor və N.Əhmədov tərəfindən imzalanıb. Bundan sonra Mərkəzdə yaradılan ilkin şəraitlə tanışlıq olub, səfirlik tərəfindən kitablar hədiyyə edilib. Sonda Dneprdə təhsil alan azərbaycanlı məktəblilər Azərbaycana dair kompozisiya təqdim ediblər.
Şərh Yazın