Dövlət rəhbərliyinin tapşırığına əsasən, 25 ailədən və daha 61 nəfərdən ibarət olan azərbaycanlılar ölkəmizin BBƏ-dəki səfirliyi və Dubaydakı Baş Konsulluğu tərəfindən “Hampton By Hilton Dubai Al Barsha” beşulduzlu otelində yerləşdiriliblər, onlara oteldəki səhər yeməyindən əlavə gündə iki dəfə yemək verilir. Həmvətənlərimizin arasında 33 uşaq, 113 qadın, turist səyahətinə getmiş 48 nəfər və bir tələbə var. Bundan başqa, dövlətimizin başçısının göstərişi əsasında ayrılan maliyyə vəsaiti hesabına Dubayda evlərində qalan, lakin karantin rejimi şəraitində işləməyən azərbaycanlı ailələr də gündəlik ərzaqla təmin edilir.
Dubayda karantin rejimi tətbiq olunduqdan və aviareyslər dayandırıldıqdan sonra azərbaycanlılardan başqa heç bir xarici ölkə vətəndaşlarının bu cür diqqət və qayğı ilə əhatə olunmadığını diqqətə çatdıran vətəndaşlarımız Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Həmvətənimiz Əli Hüseynov deyib: “Bizə hər cür şərait yaradılıb. Həm özüm, həm də burada qalan vətəndaşlarımızın adından dövlətimizin başçısına təşəkkürümü bildirmək istəyirəm. İnşallah ağır günlər tezliklə bitər və biz də vətənimizə qayıdarıq”.
Elvin Kazımov, Vüsal Məmmədov, Umud Tarverdiyev, Bəhram Əmrahov, Sevinc Qafarova, Adilə Məmmədova, Rəna Şərəfzadə və digər vətəndaşlarımız da göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə təşəkkür ediblər.
Ölkəmizin Dubaydakı Baş Konsulluğunun əməkdaşları həmvətənlərimizlə söhbət zamanı bildiriblər ki, xarici ölkələrdə olan vətəndaşlarımızın problemləri dövlətimizin başçısının diqqət mərkəzindədir və onların tezliklə vətənə qayıtması üçün bütün zəruri tədbirlər görülür.
Şərh Yazın