“Tənha insanın monoloqu”nun ssenari müəllifi və rejissoru deyir ki, kinomuzu yaşatmaq və irəli aparmaq üçün film istehsalını artırmalı və onun bazarını düşünməliyik
Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi bir neçə illik fasilədən sonra gözəl bir ənənəni yenidən bərpa etdi. Kino günündə yeni istehsal olunan filmin premyerasını keçirdi. Bayram tədbirinin sonunda təqdim edilən “Tənha insanın monoloqu” qısametrajlı bədii filmini tamaşaçılar maraqla qarşıladı.
Doqquz günə sığan monoloq
“Tənha insanın monoloqu”nun ssenari müəllifi və rejissoru Emin Əfəndiyev gənc, istedadına ümid bəslənilən kinematoqrafçılardan sayılır. 2005-2009-cu illərdə Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti Yalçın Əfəndiyevin kursunda təhsil alıb. Xalq artisti Rüstəm İbrahimbəyovun Kino Məktəbini bitirib. Olver Stone, Nikita Mixalkov, Məcid Məcidi, Kişiştov Zanussi kimi dünya şöhrətli rejissorların ustad dərslərində iştirak edib. “Start” Beynəlxalq Tələbə Filmləri Festivalının qalibi, Beynəlxalq Audio-Vizual Festivalının isə mükafatçısı olub. 2016-cı ildə çəkdiyi “Hədiyyə” qısametrajlı bədii filmi “Azərbaycan ailəsi” film festivalında “Ən yaxşı bədii film” nominasiyası üzrə qalib elan edilib.
Emin Əfəndiyev Reyting.az-a müsahibəsində deyib ki, milli kinomuzun inkişafını gənc kinematoqrafçılara şəraitin yaradılmasında görür və daha çox film istehsal etmək üçün normal mühit formalaşdırmağı vacib sayır.
- Emin bəy, “Tənha insanın monoloqu” niyə və necə yarandı?
- Müharibənin dəhşətlərini, iztirablarını görmüş bir ailənin yaşantılarını, bu ağrı-acının fonunda ata-oğul münasibətlərini ekranda göstərmək istəyirdim. Çünki ata-oğul münasibətləri son vaxtlar mənim danışmaq istədiyim mövzu idi. Bu istəklə də yola çıxaraq iki il öncə ssenari yazdım. Bir neçə ay sadəcə, ideya axtarışında idim, uğur və qalibiyyət haqqında analizlər aparırdım. Düşüncələrim məni orta məktəb illərinə apardı.
Yeri gəlmişkən, idman təmayüllü məktəbdə oxumuşam, 10 il cüdo ilə peşəkar səviyyədə məşğul olmuşam. Müəllimimin sözləri heç vaxt yadımdan çıxmır, o, bir vaxtlar uduzduğumuz rəqiblə yenidən qarşılaşanda məğlubiyyəti unutmağı tələb edirdi. Deyirdi ki, soyuq başla güləş, sən yeni formadasan. Müəllimimin sözləri yadıma düşdü və mən “Qələbəyə gedən yol köhnə travmalara qalib gəlməkdən başlayır”,- ideyası ilə ssenarini yazdım.
Ekran işi Birinci Qarabağ savaşında vuruşaraq əsir düşən, sağlamlığını itirib ömürlük yataq xəstəsi olan Ata və ona qulluq edən Oğul, onların arasında formalaşan münasibətlərdən bəhs edir. Filmdən məlum olduğu kimi, sonda oğul yerimək və danışmaq imkanından məhrum olmuş atasını qocalar evinə verərək döyüşmək üçün müharibəyə getmək qərarına gəlir. İstəyirdim ki, tamaşaçı filmdə müharibənin özünü yox, onun ailələrə gətirdiyi fəlakəti, vurduğu yaraları görsün, hər kadrda bunu hiss etsin.
Film necə yarandı, - sualına gəlincə, mən daha çox kamera filmləri çəkməyə üstünlük verdiyimdən “Tənha insanın monoloqu”nda da dəsti-xəttimə sadiq qalmaq istədim. Həm də fikirləşirdim ki, dövlət vəsaiti ayrılmasa filmi öz gücümə, sponsor tapmaq hesabına da olsa ərsəyə gətirə bilim. Çünki əvvəlki illərdə iki müxtəlif layihəm Mədəniyyət Nazirliyində bəyənilsə də məndən asılı olmayan səbəblər üzündən həmin filmlərin heç biri istehsalata buraxılmamışdı. “Tənha insanın monoloqu”nun da oxşar aqibətlə üzləyə biləcəyindən narahat idim və vurğuladığım kimi, sponsor axtarışında idim. Belə bir vaxtda Azərbaycan Respublikası Kino Agentliyində (ARKA) ssenarim bəyənildi və “Şahdağfilm”də film istehsalata buraxıldı.
Əvvəllər müxtəlif layihələrə birgə çalışdığım istedadlı və peşəkar gənc komanda ilə - operator Daniel Quliyev, rəssam Arif Niftiyev, bəstəkar Azər Hacıəsgərli və prodüser Sərvər Bayramovla filmin çəkilişləri üzərində işləməyə başladıq. Bu komandanın hər bir üzvünün zövqünə və bacarığına inanaraq yola çıxmışdım.
Operatorumuz Daniel Quliyev öz duyumu olan, Almaniyada nüfuzlu kinofestivalda mükafat qazanan bir gəncdir. Azər Niftiyev daha çox televiziya layihələrində məşğul olsa da, mənim fikrimcə, o, kinomuz üçün çox faydalı ola biləcək rəssamdır. Azər Hacıəsgərli son illər həm teatr tamaşalarına, həm də filmlərə maraqlı musiqilər yazıb.
Filmimizin bütün epizodları naturada çəkilməli idi, uyğun məkan tapmaq üçün Şamaxı və Qəbələ də daxil olmaqla bir neçə rayonda axtarışlar apardıq. Qubanın Soxlukələ kəndində gördüyümüz məkan ssenariyə daha uyğun olduğu üçün çəkilişləri də orada aparmalı olduq.
- Qalırdı filmdə rola çəkiləcək iki aktyoru tapmaq... Kastinqə dəvət olunan çox oldu?
- Yox. Ata roluna çəkilən Mahir Dərvişi əvvəldən də tanıyırdım, dəvət edəndə bir daha əmin oldum ki, bu obraz sanki onun boyuna biçilib. Təkcə mənim yox, peşəkar kino tənqidçilərinin, kino zövqü olan tamaşaçıların rəyinə görə Mahir Dərvişin ifasında rol gözəl alınıb.
Oğul roluna isə əslində tamam başqa bir aktyoru çəkmək istəyirdim, amma həmin ərəfədə o, başqa bir layihədə məşğul olduğundan fikrimi dəyişərək seçimimi “YUĞ” Dövlət Teatrının gənc aktyoru Elşən Əsgərovun üzərində saxladım. Elşənlə ilk birgə işimiz idi. Film tam hazır olandan sonra Oğul obrazına Elşəni çəkmək qərarımın doğruluğuna bir daha inandım. Nə yaxşı ki, Elşən Əsgərov kimi istedadlı, öz işinə çox peşəkar yanaşan bir gənc aktyoru tanımışam.
Ssenari müəllifi və rejissor kimi əminliklə deyə bilərəm ki, “Tənha insanın monoloqu” əsl aktyor filmidir.
- Bildiyim qədəri ilə film cəmi 9 günə çəkilib...
- Vaxtımız həqiqətən az idi, çünki ARKA-nın rəhbərliyi çox istəyirdi ki, biz filmi Milli Kino Gününə qədər hazır edə bilək və bayram tədbirində film göstərilsin. Biz də 9 günə natura çəkilişlərini bitirdik, sonrakı qısa müddətdə də səsləndirmə, montaj və digər texniki işləri başa çatdırmağı bacardıq.
- İndi yəqin ki, rahat nəfəs alıb yeni ssenarilər, növbəti filmlər barədə plan cızmaq olar...
- Yeni ssenarilər, layihələr barədə düşünürəm təbii ki. Bu, yaradıcılıqla ciddi məşğul olmaq istəyən bir insan üçün normal haldır. Amma indi daha çox düşüncə və planlarım “Tənha insanın monoloqu” ilə bağlıdır.
- Axı film təhvil verildi, tamaşaçılara da təqdim olundu...
- Düzdür, film tamaşaçılara təqdim edildi, amma sıravi tamaşaçıların hiss edə bilməyəcəyi bir incəliyi qeyd edim. Bizim filmin tam versiyasının xronometrajı 51 dəqiqədir, Milli Kino Günü ilə bağlı tədbirin sonunda “Tənha insanın monoloqu”nun qısaldılmış versiyası göstərildi. İnanıram ki, yaxın vaxtlarda filmin tam versiyasının, yəni rejissor versiyasının təqdimatı olacaq.
Ssenari müəllifi və rejissor kimi filmin tam versiyasının təqdimatını maraqla gözləyirəm. Yəqin ki, payıza doğru bu məsələ həllini tapacaq.
Hazırda filmimizin ingilis dilində subtitrlərinin hazırlanması üzərində çalışıram, çox istəyirəm ki, “Tənha insanın monoloqu”nu xarici ölkələrdə, beynəlxalq festivallarda nümayişinə nail olum.
- Bu gün bəziləri Azərbaycan kinosunun inkişaf etdiyini deyir, bu fikri inkar edən, milli kinomuzun öldüyünü deyənlər də var. Cəbhənin hansı tərəfi haqlıdır?
- Şəxsən mən heç bir cəbhələşmə meylləri görmürəm. Əgər Azərbaycan kinosunun yaşamasını, inkişafını və dünyaya çıxmasını təkcə sözdə deyil, əməldə də istəyiriksə istedadlı gənclərə normal şərait yaratmalı, öz yaradıcılıq potensiallarını realizə etmək üçün onlara geniş meydan verməliyik. Təcrübəli, yaşlı kino xadimlərinin çəkdikləri filmlər, elədikləri göz önündədir. İndi gənclərə inanmağın əsl zamanıdır.
Kinomuzu yaşatmaq və irəli daşımaq üçün film istehsalını artırmalı və onun bazarını düşünməliyik. Bu işlər paralel və ağıllı şəkildə aparılmalıdır. Film çəkilmirsə, prokat da olmayacaq.
Daha bir vacib detal tamaşaçı məsələsidir. Yəni biz dəqiq bilməliyik ki, Azərbaycan tamaşaçısı bu gün nəyə baxmaq istəyir?
Təkcə Bakı ilə iş bitmir, bu gün bilməliyik ki, Naxçıvanda, Gəncədə, Lənkəranda, Zaqatalada, Şamaxıda, Qusarda yaşayan tamaşaçıların marağı hansı mövzuyadır. Lazımdırsa qapı-qapı gəzib tamaşaçının fikrini öyrənməliyik.
Bu gün filmlərimizin dünyaya çıxmasının vacibliyindən, festivallarda göstərilməsindən çox danışılır. Dünyada festival həddindən artıq çoxdur, axtarıb-tapmaq, hansınasa film göndərmək çətin iş deyil. Əsas odur ki, film çəkəsən.
Etibar CƏBRAYILOĞLU
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm”
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın