“Rusiya tərəfi Maltada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak arasında keçirilən görüşü yanlış xarakterizə edib”.
Reyting.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
Nazir müavini bildirib ki, sözügedən platforma təhlükəsizlik şuralarının katibləri üçündür:
“Mən deməzdim ki, bu, Ukrayna məsələsinə həsr olunub, daha geniş gündəm var idi. Hesab edirəm ki, belə bir kvalifikasiya reallığa uyğun gəlmir”.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskva İrəvanın Maltada Ukrayna üzrə konfransda iştirakını Ermənistanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.
Əlavə edək ki, bu gün Ermənistan xarici işlər naziri Arorat Mirzoyan da parlamentdə erməni müxalifətinin suallarını cavablandırarkən Rusiyanı üstüörtülü tənqid edib.
“Ermənistan sizin siyasi partiyanızın cəsarət etdiyi və ya xəyal edə biləcəyindən daha çox silah və müqayisə olunmayacaq dərəcədə çox ölkədən əldə edə bilər”, - Mirzoyan “Ermənistan” blokundan olan deputat Kristina Vardanyanın Ermənistanın Rusiyanın aldığı silahlarla bağlı sualını cavablandırarkən deyib.
Mirzoyan ölkə müxalifətini nifrət yaymaqda suçlayıb və əlavə edib ki, hazırkı müxalifətin hakimiyyəti dövründə Ermənistanın suverenliyi müəyyən qədər itirilib: “Siz deyirsiniz ki, bizim dövrümüzdə daim suverenlik itirilir, bir misal çəkməyinizi xahiş edirəm. İndiki dövrlə sizin hakimiyyətdə olduğunuz dövrdə Ermənistan Respublikasının suverenlik dərəcəsini təhlil edək. Qalmaqallı əməliyyatlar nəticəsində Ermənistan öz infrastrukturunun əhəmiyyətli hissəsini başqa ölkələrə və ya dövlətə verib. Bəzi müstəqil ekspertlər oturub təhlil etsinlər ki, Ermənistan kimin dövründə öz suverenliyini itirib, kimin dövründə suverenliyi möhkəmlənib?”.
Mirzoyan bunu deyərkən Ermənistanın əksər böyük şirkətlərinin Rusiyanın mülkiyyətinə keçməsinə işarə vurub.
Şərh Yazın