Həmçinin, növbəti ildən qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib.
Aksizli malların siyahısına əlavə edilmiş qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Dəyişikliklər aksiz dərəcələri artırılan və aksizli mallar siyahısına əlavə edilən məhsulların qiymətinə necə təsir edəcək?
Bundan əvvəl aksiz dərəcələri artırılmış müvafiq məhsulların qiymətlərində müəyyən qədər dəyişikliklər hiss olundu. Növbəti ildən etibarən adı çəkilən məhsulların da qiymətlərində artımın müşahidə olunması gözlənilir.
“Bundan əvvəl də aksiz dərəcələrində müəyyən dəyişikliklər edildikdə nəticəni qiymətlərdə müşahidə etdik. Son dəyişikliyə əsasən, bir qutu siqaret üzrə aksiz dərəcəsi 7 qəpik təşkil artırılacaq. Bununla da satışda hər siqaret qutusu üzrə 10-20 qəpik civarında artım gözləyə bilərik”, - bu barədə iqtisadi araşdırmaçı Seymur İbadov məlumat verib.
Onun sözlərinə görə, eynilə qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarına da aksiz dərəcəsinin təyin edilməsi qiymətlərdə müvafiq dəyişikliyə səbəb olacaq.
İqtisadçı əlavə edib ki, spirtli içkilərin, arağın, tündləşdirilmiş içkilərin və içki materiallarının, likyorun və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının qiymətində faiz nisbətində markadan asılı olaraq qiymətlərdə dəyişikliyi hiss edə bilərik:
“Dəyişikliyə əsasən, bu məhsullar üzrə aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır. Yəni, tündləşdirilmiş içkilər, konyak və s. üçün aksiz vergisində artım hər litrə 80 qəpik olacaq. Bu isə aksiz dərəcəsində 25 faizə qədər artım deməkdir. Nəticədə markadan asılı olaraq biz 5-10 faiz arasında qiymət dəyişikliklərini gözləyə bilərik”.
O qeyd edir ki, ümumilikdə aksiz dərəcəsi artırılan məhsulların tərkibində insan səhhəti üçün ziyanlı maddələr mövcuddur və müxtəlif post sovet ölkələrində, inkişaf etmiş ölkələrdə bu məhsullar üçün tətbiq edilən aksiz vergiləri qat-qat yuxarıdır:
“Bu cür artımlar həm dövlət büdcəsində müsbət yığımlara səbəb olur, həm də insanların sağlamlığı üçün onların pis vərdişlərdən çəkinmələrinə təşviq edir”.
Qeyd edək ki, müvafiq layihələr Milli Məclisdə müzakirə çıxarılaraq qəbul edilib
Şərh Yazın