Sara Amirian Dilruba Vətən savaşında azad edilən torpaqlarımız barədə silsilə əsərlər yazmağa başlayıb
Sara Amirian Dilruba atasının yolunu davam etdirib iqtisadçı və diplomat da ola bilərdi, lakin o, anası kimi musiqiçi olmağı seçdi. Gənc və istedadlı bəstəkar elə ilk addımlarından uğurlar qazanmağı bacardı və bu sənətdə ciddi işlər görməyə iddialı olduğunu göstərdi. Böyük Azərbaycan şairi Şəhriyarın “Heydərbabaya salam” poemasına bəstələdiyi 4 hissəli simfoniya, “Violonçel üçün iki hissəli sonata”, Musa Yaqubun “Mən kiməm” şeirinə yazdığı oda musiqi ictimaiyyətinin marağına səbəb olub. Əsərləri təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə təşkil edilən konsertlərdə ifa edilib və alqışlarla qarşılanıb.
Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi, professor, tanınmış pedaqoq Aydın Əzim Kərimoğlunun sinfini bəstəkarlıq ixtisası üzrə bitirən Sara xanım respublika və beynəlxalq müsabiqələrin qalibi, 2022-ci ildə yaradıcı gənclər üçün təsis edilən mükafatın laureatıdır. O, həm də Aydın K. Əzim İncəsənət Mərkəzinin (AMAC) təsisçisi və müəllimidir. Hazırda nüfuzlu Escola Superior Musica de Catalunya Universitetində təhsil aldığı üçün İspaniyanın Barselona şəhərində yaşayır.
Bu müsahibədə Sara Amirian Dilruba ilə yaxından tanış olacaq, gənc bəstəkarın musiqi haqqında düşüncələrini öyrənəcək, eləcə də gələcək yaradıcılıq planlarından xəbərdar olacaqsınız.
- Bu gün Vətəndən uzaqda olan Sara Amirian Dilrubanı yaxından necə tanıyaq?
- 1998-ci ildə anadan olmuşam. Atam Cənubi Azərbaycandandır, o, xarici iqtisadi əlaqələr üzrə mütəxəssisdir və diplomatik sahədə çalışır. Anam isə musiqiçi və rabitə mühəndisidir.
Tehranda Somayyah adına Fars və ərəb dilləri təmayüllü liseyi eksperimental elmlər üzrə bitirmişəm. Musiqiyə maraq mənə anamdan keçib, əvvəlcə Şövkət Ələkbərova adına 20 saylı 11 illik musiqi məktəbində 5 il piano sinfində, sonra isə Georgi Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbində oxumuşam. 2015-ci ildə Bakı Musiqi Akademiyasına müraciət etdim ki, məni bəstəkarlıq ixtisası üzrə hazırlıq qrupuna qəbul etsinlər. Bu müraciəti yazanda hələ liseydə və musiqi məktəbində təhsilimi bitirməmişdim. Lakin bütün bunlara baxmayaraq həmin hazırlıq qrupuna qəbul olunmaq şansı qazandım. Növbəti ildə isə arzumu reallaşdırdım - Bakı Musiqi Akademiyasının bakalavr pilləsinin birinci kursuna daxil oldum. Allahımdan razıyam ki, mənə tələbə olmaq sevincini yaşatmaqla bərabər qarşıma çox gözəl bir pedaqoq çıxardı. Bəstəkarlıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Əzim Kərimoğlunun sinfində oxudum. Xoşbəxtəm ki, həm bakalavr, həm də 2020-2022-ci illərdə magistr pilləsində Aydın müəllimdən dərs almaq mənə qismət olub. Aydın müəllim görkəmli pedaqoq kimi mənim ruhumu duydu, təhsil aldığımız illərdə o, təkcə mənə yox, bütün tələbələrinə həm müəllim, həm də bir valideyn kimi yanaşıb, doğma münasibət göstərib. Təsadüfi deyil ki, Aydın müəllimlə bu gün də əlaqə saxlayıram, yeni əsərlərim barədə fikirlərini öyrənirəm, məsləhətlərinə qulaq asıram.
- Təhsili davam etdirmək üçün İspaniyaya getmək ideyası necə yarandı?
- Mənim düşüncəmə görə, insan hər zaman təhsilini artırmalı, oxumalı, öyrənməlidir. Xüsusi ilə yaradıcılıqla məşğul olanlar savadlarını, dünya görüşlərini artırmalı, fərqli mədəniyyətlərlə tanış olmalıdırlar. “Mən artıq hər şeyi bilirəm” fikri ilə yaşamaq, necə deyərlər, yerində saymaq yaradıcı adamı inkişafdan saxlayır. Mən, musiqiçi, bəstəkar olsam da, 6 əcnəbi dil bilirəm, amma 10 dil öyrənməyi qarşıma məqsəd qoymuşam.
Hələ Bakı Musiqi Akademiyasının magistraturasında oxuyarkən Avropa ölkələrinin birində təhsilimi davam etdirmək barədə düşünür, planlar qururdum. Lakin o vaxt bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası səbəbindən xaricə getmək mümkün olmadı. Pandemiyadan sonra dünyanın düzəni əvvəlki vəziyyətinə qayıdan kimi sənədlərimi Avropanın, ABŞ-nın müxtəlif universitetlərinə təqdim etdim və nəticədə Amerikanın nüfuzlu 5 ali məktəbinin təqaüd proqramını qazandım. Təəssüf ki, həmin vaxt viza problemləri üzündən ABŞ-a gedə bilmədim. Buna baxmayaraq ilk fürsətdəcə Avropada təhsilimi davam etdirməklə bağlı istəyimi həyata keçirdim. Sənədlərimi Barselonanın Kataloniya bölgəsindəki Escola Superior Musica de Catalunya Universitetinə göndərdim. Elə alındı ki, həmin vaxt magistraturaya ayrılan 15 yerin hamısı tutulmuşdu. Amma Bakı Musiqi Akademiyasında aldığım yüksək qiymətləri, bəstəkar kimi əsərlərimi, həm də liseydə eksperimental elmlər üzrə təhsilimi nəzərə alan universitetin kafedra müdiri Melissa Mercadal Brotons 16-cı yerin mənim üçün ayrılmasına nail oldu və məni öz sinfinə qəbul etdi. Göründüyü kimi, müəllim sarıdan burda da bəxtim gətirdi.
Bu ali məktəb dünyada musiqi terapiyası ilə bağlı sanballı elmi araşdırmalar aparan təhsil ocağı kimi tanınır. İkinci magistr təhsili aldığım bu universitetdə həm Şərq, həm də Qərb musiqisi, xüsusi ilə Azərbaycan muğamları və aşıq havaları vasitəsi ilə insan beyninin hüceyrələrində musiqi terapiyasının psixoloji və neyro əsaslarını araşdırıram. İnşallah, gələn il tədqiqatlarımı yekunlaşdırıb diplom işi müdafiə edəcəm.
Onu da qeyd edim ki, təhsillə bağlı gələcək planlarım da var, əldə etdiklərimlə kifayətlənmək fikrim yoxdur. Doktoranturada təhsil almaq üçün hansı ölkəni və hansı ali məktəbi seçəcəyəm? Sözün açığı, hələ özüm də dəqiq bilmirəm. Zamanı yetişəndə seçim edəcəm.
- Musiqi sizin üçün nədir?
- Həyatımda ilk dəfə bu sualı müəllimim Aydın Əzim Kərimoğludan eşitmişəm və bu suala cavab tapmaq üçün xeyli düşünmüşəm. Dünyanın dahi bəstəkarları, məşhur musiqiçiləri təbii ki, bu suala müxtəlif cavablar veriblər. Mənim üçün musiqi ruhla enerjinin birləşməsidir. Onlar birləşəndə ahəng və musiqi yaranır.
Sara Amirian Dilruba müəllimi professor, Əməkdar incəsənət xadimi Aydın Əzim Kərimoğlu ilə
- Bir az da yaradıcılıq planlarınız barədə danışaq...
- 44 günlük Vətən savaşındakı Zəfərdən sonra azad edilən torpaqlarımız barədə silsilə əsərlər yazıram. Şuşa haqqında mahnım, “Cəbrayıl marşı” artıq ifa olunub. İşğaldan azad olunan digər rayonlarımız barədə əsərlər üzərində çalışıram. Böyük Simfonik Orkestr üçün irihəcmli bir əsər yazmağa başlamışam.
- Sosial şəbəkə hesabınızdan bilirəm ki, Barselonadakı diasporumuzun tədbirlərində fəal iştirak edirsiniz...
- Barselonada Kərim Kərimovun rəhbərliyi ilə “Azərbaycan evi” fəaliyyət göstərir. Həmin təşkilatın təşəbbüsü ilə keçirilən tədbirlərə dəvət alanda təbii ki, sevə-sevə iştirak edirəm. Çünki belə görüşlər Azərbaycan musiqisini, mədəniyyətini, multikultural mühitini təbliğ etmək üçün bir fürsətdir. Xalqımızın incəsənəti, xüsusi ilə musiqisi zəngin bir xəzinə kimidir və dünyanın hər yerində yaxşı təbliğ olunmağa layiqdir. İspaniyada təhsil aldığım müddətdə bu işə kiçik də olsa töhfə verə bilirəmsə nə mutlu mənə.
- Barselona deyəndə ilk yada düşən eyni adlı futbol klubu olur...
- Mən də “Barselona” klubuna azarkeşlik edirəm. Qızğın fanat olmasam da arada futbol matçlarını izləyir, “Barselona”nın, bizim “Qarabağ”ın və “Qalatasaray”ın oyunlarına baxmağa çalışıram.
- Futbol üzrə növbəti Avropa Çempionatına sayılı günlər qalır, Almaniyada keçiriləcək növbəti yarışın sizcə qalibi kim olacaq?
- Universitetdəki dərslərimlə, apardığım tədqiqat işlərimlə bağlı bu aralar çox məşğulam, bayaq vurğuladığım kimi, iri həcmli bir simfonik əsər üzərində çalışıram. Ona görə də təəssüf ki, Almaniyadakı çempionatı davamlı izləyə bilməyəcəm. Hansı milli komandanın çempion olacağına gəlincə... Proqnozu mütəxəssislər, bu sahənin biliciləri versə daha yaxşı olar məncə. Əsas odur ki, güclü qalib gəlsin və azarkeşlər futbol bayramından zövq ala bilsinlər.
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Gənc bəstəkar: “Böyük Simfonik Orkestr üçün irihəcmli əsərlər yazıram”
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın