Şimali Koreya lideri Kim Çen Inın vəziyyəti barədə ziddiyətli məlumatlar gəlməkdə davam edir.
Virtualaz.org xəbər verir ki, ötən gün Çin və yapon mənbələri rəhbərin vegetativ vəziyyətdə olduğunu, hətta öldüyünü xəbər veriblər.
Yaponiyanın “Shukan Gendai” jurnalı isə Çinin səhiyyə dairələrindəki mənbəyə istinadən Kim Çen Inın ürəyində aparılan təcili əməliyyatın bəzi təfərrüatlarını yazır. Bildirilir ki, onun ürəyini əməliyyat edən əyalət həkimi manipulyasiyanı vaxtında başa çatdıra bilməyib.
Mənbənin bildirdiyinə görə, Şimali Koreya lideri ölkə daxilində növbəti səfəri zamanı özünü pis hiss edib, onu yardım göstərmək üçün yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Eyni zamanda Çinə ixtisaslaşmış həkim briqadasının göndərilməsi üçün təcili xahişlə müraciət edilib.
Kim Çen Inın vəziyyəti o dərəcədə təhlükəli olub ki, onun ürək qan damarlarına stent qoyulması əməliyyatını yerli həkimə etibar etməli olublar. Həmin əməliyyat mürəkkəb deyil və təxminən 1 dəqiqə ərzində başa çatdırıla bilər. Lakin mənbənin sözlərinə görə, cərrah o qədər həyacanlanıb və qorxub ki, sözün əsl mənasında əlləri əsib. Bundan əlavə onun kök adamlar üzərində belə əməliyyatlar aparmaq təcrübəsi olmayıb. Nəticədə o, stent qoyulması əməliyyatını 8 dəqiqəyə başa çatdıra bilib və Şimali Koreya lideri “vegetativ vəziyyətə” düşüb.
Şimali Koreya dövlət KİV-ləri isə Kim Çen Inın “fəal işlədiyi” barədə məlumat yayır. Cənubi Koreyanın Yonhap agentliyinin bildirdiyinə görə, Şimali Koreya radiosu xəbər verib ki, Kim Çen In Samçijyon şəhərinin yaradılmasına kömək edən fəhlə və əməkdaşlara təşəkkür edib. Lakin rəhbər bu təşəkkürü hansı formada çatdırıb, o haqda heç nə deyilmir.
Bundan əlavə Şimali Koreyanın Mərkəzi teleqraf agentliyi ötən gün aprelin 25-də xəbər verib ki, rəhbər Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanovdan Kim Çen Inın Rusiyaya səfərinin ildönümü ilə bağlı təbrik teleqramı alıb.
Şərh Yazın