Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
ABŞ və Fransa səfirlərinin səfərdən imtinası...
Öncə onu qeyd edim ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərə vaxtaşırı bu cür səfərlər təşkil edilir. Xüsusilə bu səfərlərə beynəlxalq təşkilatların, diplomatların, hərbi nüməyəndələrin dəvət edilməsi xüsusi əhəmiyyət kəsb edir. Rəsmi Bakı bununla həm erməni işğalının real mənzərəsini, həm də işğal sonrası görülən quruculuq, abadlaşdırma işlərini əyani surətdə səfər iştirakçılarına təqdim edir. Bu səfərlər həm də işğalçı və işğala məruz qalan arasındakı fərqi göstərmək məqsədi daşıyır.
Konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir.
Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar.
Konfransın əsas diqqətçəkən məqamı isə şübhəsiz ABŞ və Fransa diplomatlarının iştirakdan imtina etməsidir. ABŞ və Fransa diplomatları bundan öncəki səfərlərdə də bənzər şəkildə iştirak etməmişdi. Lakin ən azından bunu səfirin cədvəli və ya müəyyən tədbirlərdə iştirak edə bilməməsi fonunda diplomatik üslublu bəhanələr gətirərək açıqlayırdılar. Budəfəki konfransda isə iştirak etməkdən sözün əsl mənasında nümayişkaranə şəkildə imtina ediblər. Bunu cənab Hikmət Hacıyevin sözləri də təsdiq edir:
“ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər”.
Paris və Vaşintonun verdiyi mesajlar
Fransa və ABŞ səfirlərinin indiki məqamda rəsmi Bakının dəvətini nümayişkanə geri çevirməsi və işğaldan azad edilən ərazilərə səfər etməməsi bu mənaya gəlir:
Birincisi, ABŞ və Fransa diplomatları işğaldan azad edilmiş ərazilərə səfər etməyərək vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesajını verirlər. Onların elədikləri faktiki olaraq Madrid prinsiplərinin məntiqidir. Digər tərəfdən, ABŞ və Fransa diplomatları Şuşanı hələ də keçmiş “Dağlıq Qarabağ” ərazisi olaraq görürlər və səfərdən imtina etməklə demək istəyirlər ki, bölgənin “statusu” müəyyənləşməlidir.
İkincisi, ABŞ və Fransa həm də bununla Minsk qrupundan əl çəkmək istəmədiklərini göstərir. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Aydın məsələdir ki, rəsmi Vaşinqton artıq tarix olan bu formatı dirildə biləcəyini, bununla da regionda qalmağa davam edəcəyini düşünür. Halbuki bu yanlış bir siyasi gedişdir. Çünki Azərbaycan-Ermənistan münasibətlərində yer almağın yeganə yolu Bakının gündəliyini qəbul etmək, bu aspektdən çıxış etməkdir.
Azərbaycan Ordusu 44 günlük müharibə ilə regionda siyasi reallıqları əsaslı surətdə dəyişdi. Rəsmi Vaşinqton unutmamalıdır ki, hərbi güclə yaradılan reallığı diplomatiya ilə dəyişmək mümkün deyil!
Bakının cavabı necə olmalıdır?
Hesab edirəm, Azərbaycan da artıq birmənalı öz mövqeyini bildirməlidir. Çünki ABŞ və Fransa diplomatlarının bu mövqeyi ilk belə hal deyil. Dövlət başçısının da dediyi kimi, münaqişə bitib və heç bir status olmayacaq.
Azərbaycan birmənalı mövqe ortaya qoyaraq ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir.
Turan RZAYEV
Politoloq
İki səfirin Şuşa imtinası - ABŞ və Fransa nəyə nail olmağa çalışır?
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın