Bu barədə prezident.az məlumat yayıb.
Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılıb.
Sərancama əsasən:
1. Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının (bundan sonra – Konsepsiya) hazırlanması ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:
İşçi qrupun rəhbəri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
İşçi qrupun üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan İşçi qrup Konsepsiyanın layihəsi hazırlanarkən:
2.1. aidiyyəti dövlət orqanları (qurumları), elmi müəssisələr (təşkilatlar) və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı təmin etsin;
2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini, ixtisaslaşmış məsləhətçi şirkətləri, yerli və xarici ekspertləri cəlb etməklə Konsepsiyanın layihəsini və Konsepsiya çərçivəsində formalaşdırılacaq infrastruktura dair texniki və təhlükəsizlik tələblərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Aidiyyəti dövlət orqanları (qurumları) Konsepsiyanın hazırlanmasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.
Şərh Yazın