İraqdakı kürd peşmərgələr 2017-ci ildə çıxarıldıqları Kərkük şəhərində intiqam almaq üçün hazırlıqlara başlayıblar.
O dövrdə Türkiyə və İranın fəal dəstəyi ilə Kərkük də daxil olmaqla əksər türkmən şəhərlərinə nəzarəti ələ alan Bağdad hökumətinin zəif siyasəti nəticəsində sonradan kürd peşmərgələr mülki geyimdə Kərkük şəhərinə daxil olublar.
İraq Türkmən Cəbhəsinin nümayəndəsi Məhmət Seman bildirib ki, Kərkükün Pence Əli, Şorca, Rəhimaba, Şoran və İmam Qasım məhəllələrində peşmərgənin onlarla hücrəsi var.
“Peşmərgənin əsasən Barturxana səmtində PKK-ya aid şəbəkə evləri var. Qəndildə terrorçuların əsas simaları saxta sənədlərlə Kərkükə gəlir və bu evlərdə toplantılar keçirirlər”, - İraq Türkmən Cəbhəsinin nümayəndəsi əlavə edib.
Kürd ünsürlərin Bağdadda artan siyasi qeyri-müəyyənlikdən istifadə edərək Kərküklə “hesablaşmaq” niyyətində olduğunu vurğulayan M. Seman vəziyyətin yaxşı olmadığını bildirib:
“Son seçkilər İranın təsirinin böyük ölçüdə pozulduğu mənzərəni ortaya qoydu. Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) hesablamaları paytaxt Bağdadda böhranın xaosa çevrilməsi və federal ordunun bölgədən geri çəkilməsinə əsaslanır. 2014-cü ildə də belə bir məqamdan istifadə olundu. KYB-yə bağlı Zenyari və Bərzaninin Parestin kəşfiyyat şəbəkələri bölgədəki fəaliyyətlərini qeyri-adi dərəcədə artırıb.
KYB və KDP nümayəndələri Kərkük xaricindəki şəxslərlə görüşür. Biz peşmərgə və İŞİD işğalı zamanı ağır bədəl ödəmişik. Davam edən hazırlıqlar və planlaşdırılan ssenari türkmənlər üçün böyük təhdiddir. Türkmən və ərəb liderlərinə sui-qəsd planları var. Haşdi-şəb çətiri altında olan 15-ci və 16-cı alaylar ilə Kərkük Müdafiə Qüvvələri birbaşa İraq ordusuna daxil edilməlidir”.
İraq Türkmən Cəbhəsinin qurucu üzvü Hicran Qazançı bəyan edib ki, peşmərgə tərəfindən silahlı təlim görən 10 minə yaxın döyüşçü hazır vəziyyətdə gözləyir.
Ərəblərin Oyanış Şurası adı altında Kərkükdə xaosa hazırlaşdıqlarına diqqət çəkən Qazançı qeyd edib ki, türkmənlər belə bir vəziyyətdə müdafiəsiz qalacaqlar və ümidləri yalnız Türkiyəyədir.
Onun sözlərinə görə, yaraqlılara aid hücrələrin ətrafında silah anbarları da var.
Məlumat üçün qeyd edək ki, qədim türkmən şəhəri olan Kərkük 2005-ci ildə ABŞ-ın İraqı işğal etməsindən sonra “mübahisəli şəhər” status alıb. Mosul və Kərkük milli sərvətlər səbəbindən xüsusi əhəmiyyətə malikdir. Uzun illərdir ki, Kərkükü Kürd Muxtar Bölgəsinə bağlamağa çalışan ünsürlərin başqa hədəfi buradakı neft yataqlarına sahiblənməkdir. Elə bu məqsədlə Kürd Yurdsevərlər Birliyinə bağlı peşmərgələr Həsən bəy neft sahəsini ələ keçirməyə cəhdlər ediblər.
Kərkük təhlükədə: kürdlər 10 minlik ordu ilə türklərə hücuma hazırlaşır
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın