Almaniyanın cənub-qərbindəki - Hessen torpağındakı Marburq şəhərini qeyri-rəsmi olaraq Blindenstadt - "korlar şəhəri" adlandırırlar.
Əlbəttə, bu o demək deyil ki, 73 min əhalisi olan şəhərdə gözdən əlil olanların sayı həddindən artıq çoxdur. Məsələ burasındadır ki, cəmi bir innovativ məktəb sayəsində Marburq zəif görən və heç görməyənlər üçün daha rahat şəhərə çevrilib.
Görmə qabiliyyəti zəifləməyə başlayanda Leon Portz-un 8 yaşı vardı. Ona kompüterdən istifadəyə icazə veriləndən sonra başlamış bu proses hansısa anadangəlmə xəstəliyin fəsadı olaraq üzə çıxmışdı.
Bir il sonra Leon artıq ekrandan oxumağa çətinlik çəkirdi. O, informasiyanı daha tez əldə etmək üçün saytlardakı məqalələri və digər elektron mətnləri ucadan oxuyan səs tətbiqinin sürətini artırmağı öyrənmişdi (Hazırda Leonun kompüterində bu sürət normadan 5 dəfə çoxdur. Belə sürətə alışmayanlar nədən söhbət getdiyini anlaya bilməzlər).
Leon Portz öz elmi bacarıqlarını Marburqa köçüb Almaniya Gözdən Əlillər və Korlar üçün Təhsil və Reabilitasiya Mərkəzində - "Blindenstudienanstalt"-da (qısaldılmış variantı - "Blista") təhsil almağa başlayandan sonra reallaşdıra bilir.
Bu unikal təhsil müəssisəsi o vaxta qədər ancaq öz universitetiylə məşhur olan qədim və yaşıl şəhəri inklüzivliyə yol açan innovasiyalar mərkəzinə çevrilib.
Sonra mərkəz bütün Marburqu özünə uyğunlaşdırıb və Leon Portz-un sözlərinə görə, korlar üçün ideal şəhərə çevirib.
Portz və digər gözdən əlillər deyirlər ki, Marburqda tətbiq olunan innovasiyalara başqa yerlərdə də rast gəlmək mümkündür, amma bu şəhərdə olanların cəmi çox unikaldır. Həmişə və hər addımda baston tıqqıltısı eşidilir. Korların rahat dolaşa bilməsinə səsli sfetoforlar, hasarlanmış səkilər və piyadalar üçün nəzərdə tutulmuş ərazilərdəki "uzanmış polislər" yardım edir - sonuncular qarşıda təhlükə və ya maneə olduğuna işarədir.
Binalarının çoxu bu tikililərin relyefli xəritələriylə təmin olunub, Marburq qalasının və şəhərin digər tarixi abidələrinin kiçik miqyaslı bürünc modellərinin quraşdırılması isə toxunaraq onların görünüşü haqqında təsəvvür yaratmağa imkan verir.
Şəhərdə korlar üçün çox sayda əyləncə və idman növü, o cümlədən, at minmə, qayaya dırmanma, avarçəkmə məktəbləri, futbol və xizək klubları var.
Marburq Universiteti 1527-ci ildə, Almaniyada ilk protestant təhsil müəssisəsi olaraq yaradılıb, qurucusu - Hessen pandqrafı Comərd Philipp-in şərəfinə həm də Philipps Universiteti adlandırılır, tələbələr və elmi dərəcə alanlar arasında korların sayına görə ölkə üzrə birincidir.
Görmə əngəllilər, adətən, hüququ və psixologiyanı seçirlər, çünki bu ixtisasların tədrisi əsasən mətnlər üzərində qurulub. Ancaq son vaxtlar təbiət elmlərini seçənlərin sayı artıb, baxmayaraq ki, bu sahədə görmə qabiliyyəti zəif olanlar üçün daha böyük əngəllər var.
Marburqdan olan kor kompüter proqramçısı və inklüziv texnologiyalar müəllimi Bahaddin Batmaz bu texnologiyaların bir çoxunun hamı üçün faydalı olduğunu deyir.
Məsələn, "danışan" dayanacaqlarda düyməni basıb növbəti avtobusun marşrutunu, gəlmə vaxtını öyrənmək olur və bu xidmətdən bütün şəhər sakinləri yararlanır.
Batmaz deyir ki, saytının ekrandan daha yaxşı oxunmasını təmin edəndən sonra sayta baxış sayı kəskin artıb və böyük ehtimal, baxanlar arasında görmə problemi olmayanlar da var.
"İnsan faktoruyla texnologiyaların birliyi çox effektlidir. Gözləri görməyən biri lənətə gəlmiş küçəni keçmək üçün əzab çəkməkdən qurtulanda faydalı şeylər haqqında düşünməyə vaxt qazanmış olur və ətrafdakılara münasibəti yaxşılaşır".
(BBC)
Şərh Yazın