Almaniyanın nüfuzlu ali təhsil ocaqlarından sayılan Hamburg Universitetinin müsiqişünaslıq fakultəsində təhsilini davam etdirən Baki Musiqi Akademiyasının məzunu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Cəmilə Azər qızı Abdullayeva (Manafova) bir neçə gün öncə Universitetdə maraqlı bir təqdimatı ilə izləyicilərin böyük rəğbətini qazanıb.
Reyting.az xəbər verir ki, C. Abdullayeva alman dilində təqdim etdiyi mühazirədə Azərbaycanın milli sərvəti, xalq mədəniyyətinin mühüm daşıyıcılarından biri, özünəməxsus görüntüsü və səsi ilə seçilən qədim nəfəs alətləri olan balaban, zurna, tütəyin tarixi etimalogiyası, hazırlanma üsulları, ifa texnikası və bir sıra başqa özəlliklərini professor-müəllim heyyətinə, yerli və xarici ölkələrdən gələn tələbələrin nəzərinə çatdırıb.
Mühazirədə alətlərin solo və ya qrup şəklində sosial, mədəni və mənəvi tələbatlara müvafiq yaradılması, dizayn, səslənmə və texniki imkanlarına əsasən dinləyicilərin musiqi təfəkkürünün, estetik zövqlərinin formalaşdırılmasındakı rolu vurğulanıb. Onların Azərbaycan xalqı tərəfindən böyük məhəbbət qazanması qeyd olunaraq, video və audio yazılar vasitəsi ilə həmin alətlərin mahir ifaçıları haqqında dinləyicilərə geniş məlumat verilib.
İştirakçıların diqqətinə 1977-ci ildə başqa sivilizasiyaların varlığını araşdırmaq üçün kosmosa göndərilən iki Amerika kosmik zondunda İ.S.Bax, V.A.Motsart, L.V.Bethovenin, caz musiqiçisi Lui Armstronqun, rok musiqiçisi Çak Berrinin və digər musiqiçilərin əsərləri ilə yanaşı, Azərbaycan nəfəs alətlərinin ifasında xalq melodiyasının da daxil olması faktı çatdırılıb.
Mühazirədə həmçinin, Azərbaycanın milli nəfəs alətləri - balaban, zurna və tütəyin milli bəstəkarlarımız tərəfindən bəstələnən opera, operetta, sonata, pyes, konsert və digər musiqi janrlarında istifadəsindən, orkestrlərin səslənmə koloritini milli çalarlarla zənginləşdirilməsindən də söhbət açılıb.
Maraqlı mühazirənin sonunda iştirakçılara Azərbaycanın milli şirniyatları təqdim olunub.
V. QULİYEV
Milli musiqimiz Almaniyada təbliğ olunub
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın