Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının icra hakimiyyətləri binalarında keçirdikləri əməliyyatlar medianın və sosial şəbəkələrin əsas gündəmidir. Onların vəzifədə olduqları müddətdə əldə etdikləri mülklərin də siyahısı yayılır və müxtəlif rəylər yazılır. İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdən aşkarlanan paketlənmiş külli miqdarda pulu və oğluna aldığı bahalı avtomobillər daha çox paylaşılaraq, izləyicilərin sərt tənqidinə məruz qalıb.
Maraqlıdır, görəsən, vəzifədən uzaqlaşdırılan məmurların və digər şəxslərin cinayət yolu ilə qazandıqları dəyəri milyonlarla ölçülən əmlaklar və milyonlarla nağd pullar onlardan necə müsadirə olunur?
Tanınmış hüquqşünas Adəm Məmmədov DAİM.AZ Lent.az -a istinadən bildirdiyinə görə, əldə olunan bütün vəsait dövlət büdcəsinə yönəldilir:
“Cinayət yolu ilə əldə olunan bütün əmlaklar dövlət büdcəsinə köçürülür. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əldə olunan əmlak barədə məhkəmə qərar verir. Əgər o cinayət yolu ilə əldə olunubsa, cinayətin predmetidirsə, məhkəmənin qərarından sonra icra məmurlarına göndərilir. Mülk haradadırsa, iş də həmin ərazinin icra məmuruna ünvanlanır. Daha sonra icra məmuru tərəfindən qiymətləndirmə keçirilir. Qiymət təyin olunduqdan sonra hərraca qoyulur və satışa buraxılır. Əgər alıcı olmasa, qiymətlər lazımi səviyyəyə qədər endirilir. Hərracda satılan əmlakın pulu dövlət büdcəsinə əlavə edilir”.
Həmsöhbətimiz hərraca kimlərin buraxılıb-buraxılmayacağına da aydınlıq gətirib.
“Birinci keçirilən hərracda iki nəfər, ikincidə isə bir nəfər iştirak etdikdə, hərrac baş tutmuş sayılır. Qanunvericiliyə əsasən, əmlakı ələ keçirilən dövlət məmurunun qohumlarının hərracda iştirakına qadağa qoyulmur. Yəni, pulu varsa, iştirak edə bilər. Amma ağlabatan deyil ki, hansısa vəzifədən kənarlaşdırılan məmurun qohumu gəlib onun əmlakının hərracında iştirak etsin. Öz ailə üzvləri, bacısı, qardaşı və digərləri qorxusundan heç ona yaxın durmazlar. Məhkəmənin qərarı olmadan bu istiqamətdə heç bir iş görülə bilməz. Belə məsələlərə birinci instansiya ağır cinayətlər məhkəməsi baxır. Çünki rüşvət, korrupsiya və digər ağır maddələr olduğu üçün, bu işlər də ağır və xüsusilə ağır olaraq qiymətləndirilir”.
Şərh Yazın