Avropa İttifaqındakı (Aİ) parlament seçkilərində ifrat sağçı partiyaların qələbəsi Ukraynaya dəstəyi təhlükə altına qoyur. Çünki daha skeptik qanunvericilər qanunvericilik palatasında çox yer tuturlar.
Reyting.az “The Hill”ə istinadla bildirir ki, həftə sonu keçirilən seçkilərdə sağ mərkəzçi Avropa Xalq Partiyası (EPP) 720 yerlik parlamentdə mandatların əksəriyyətini qazanıb. Sosialist və demokratların Mütərəqqi Alyansının liberal qrupu isə ikinci yerdə qərar tutub.
Eyni zamanda, avropalı mühafizəkarlar və ifrat sağçı qruplar təsir imkanlarını xeyli artırıblar. Onlar Qərbin təhlükəsizlik alyansı NATO-nun əsas üzvləri və Ukraynaya ən böyük silah tədarükçüsü olan Almaniya və Fransada gözlənilməz qazanc əldə ediblər.
Nəşrin analitikləri yazır ki, seçkilərdə ifrat sağçı partiyaların mövqelərinin gücləndirilməsi hər iki ölkənin Ukrayna ilə bağlı qərarlarına təsir göstərə bilər. “Əgər onlar daha çox güclənsələr, vəziyyət iki yolla gedə bilər”,- ekspertlər İtaliya və Macarıstanı misal çəkərək deyiblər.
Qeyd edək ki, son iki ildə İtaliyada dominant qüvvə olan və həftə sonu Aİ seçkilərində təsirini gücləndirən İtaliyanın baş naziri Giorgia Meloninin “İtaliya qardaşları” partiyası Ukrayna əleyhinə deyildi və Aİ-nin əsas partiyaları ilə əməkdaşlıq edirdi. Bunun əksinə olaraq, Macarıstanın ifrat sağçı baş naziri Viktor Orban Avropa Birliyinin Ukraynaya dəstək və ya Rusiyaya sanksiya tətbiq etməsinə mane olur və Kiyevə yardım göstərməkdən çəkinir.
Bununla belə, Avropa Siyasətinin Təhlili Mərkəzinin baş elmi işçisi Peter Kreko hesab edir ki, hakimiyyətə gələn istənilən ifrat sağçı partiyalar Macarıstandan çox İtaliyanı təqlid edəcəklər: “Orban Avropa landşaftında təcrid olunub və heç kimin bunu onun xəyal ssenarisi kimi gördüyünü düşünmürəm”.
Eyni zamanda, Fransada ifrat sağçı partiya prezident Emmanuel Makronun partiyasını 15 faizdən çox üstələyib. Bu, Makronun prezident vəzifəsini davam etdirsə belə, parlamentdə Ukrayna ilə bağlı güc strukturunu və qərar qəbuletmə prosesini dəyişə bilər.
Ukrayna üçün digər narahatedici əlamət Almaniyadakı seçkilərdə kansler Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyasını qabaqlayan Almaniya üçün Alternativ (AfD) partiyasının yüksəlişidir.
“AfD Ukraynaya qarşıdır. Liderləri Kremllə həmrəy olmadıqlarını, lakin müharibədə tarazlıq axtardıqlarını desələr də, Rusiyaya qarşı döyüşmək üçün ölkəyə daha çox silah göndərməyəcəklərinə söz veriblər”,- deyə nəşr yazır.
Polşa, Rumıniya, Bolqarıstan və Avstriyada da ifrat sağçı partiyalar güclənib və Şərqi və Mərkəzi Avropada Ukraynaya dəstək üçün yeni təhlükə yaradır.
Avstriyada qələbəni Ukraynanın əleyhinə olan və rusiyapərəst sayılan Azadlıq Partiyası qazanıb. Avstriya bitərəf qalaraq Ukraynaya silah verməsə də, bu, Avropa səhnəsində ciddi problemə çevrilə bilər. Ekspertlərin qeyd etdiyi kimi, Avstriya izləmək üçün vacib ölkədir, çünki oradakı ifrat sağ partiyaların rusiyayönümlü istiqamətdə bir çox qərarlara təsir etməsi mümkündür.
Bütövlükdə ekspertlər xəbərdarlıq edirlər ki, Rusiya həm də Avropada ifrat sağçı qrupların artmasına Avropa siyasətinə təsir etmək üçün “əsas kanallar” kimi baxır.
E. KAMAL
Müharibənin gedişi dəyişə bilər
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın