DAİM.AZ xəbər verir ki, nazir təbrik məktubunda Silahlı Qüvvələrimizin şəxsi heyətini Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətdə hərbçilərimizə uğurlar arzulayıb.
Məktubda vurğulanıb ki, Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Ən müasir texnika və avadanlıqla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.
“2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi. Azərbaycan Ordusunun yubiley tarixlərində keçirilən möhtəşəm paradlar da ölkəmizin müdafiə qabiliyyətinin, hərbi potensialının daha da güclənməsinə bariz nümunədir”, - deyə təbrik məktubunda qeyd olunub.
Şəhid ailələrinin, müharibə veteranları və əlillərinin, eləcə də hər bir hərbi qulluqçunun Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunduğunun diqqətə çatdırıldığı təbrik məktubunda ifadə edilib ki, dövlətimizin başçısının Fərmanına əsasən orduda xidmət edən hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin olunur, hərbi qulluqçuların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsinə zəmin yaradılıb.
“Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Əminliklə bildirirəm ki, siz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz”, - deyə Müdafiə nazirinin təbrik məktubunda qeyd olunub.
Şərh Yazın