ABŞ prezidenti Cozef Bayden ölkənin strateji neft ehtiyatlarından 50 milyon barrel neftin bazara çıxarılması haqda sərəncam verib. Lakin bu xəbərdən sonra dünya bazarlarında neftin qiyməti nəinki aşağı düşməyib, əksinə 3 faizdən çox artıb. virtualaz.org xəbər verir ki, son aylar neftin qiymətinin kəskin artması ABŞ-da son 30 ilin ən yüksək inflyasiyasının müşahidə edilməsinə səbəb olub və Bayden administrasiyası qiyməti aşağı salmaq üçün ölkənin strateji ehtiyatlarının bir qismini bazara çıxarmağı qərara alıb. Bundan əvvəl OPEC+ ölkələrinin hasilatı artırması üçün göstərilən səylər nəticə verməmişdi, bu sövdələşməyə daxil olan ölkələr hasilatın ancaq məhdud həcmdə və mərhələlərlə artırılmasına gedəcəklərini ifadə ediblər.
Hərçənd ABŞ prezidentinin sərəncamı hələ icra edilməyib və strateji ehtiyatlardan ayrılan 50 milyon barrel neftin gələn ay satışa çıxarılması planlaşdırılır. Bununla belə xəbərin özü kifayət etməliydi ki, neftin qiymətində az da olsa ucuzlaşma baş versin, amma bunun tam əksi müşahidə olunub və dünəndən bəri neft 4 dollara yaxın bahalaşıb, hazırda 83 dollar səviyyəsindədir.
Ağ evdən yayılan açıqlamada deyilir ki, strateji ehtiyatların bir qisminin satışı digər aparıcı istehlakçılarla-Çin, Hindistan, Yaponiya, Koreya və Böyük Britaniya ilə paralel həyata keçiriləcək. Ekspertlər isə qeyd edirlər ki, Baydenin qərarı bazara ancaq qısamüddətli təsir göstərə bilər, çünki neftin qiymətinin formalaşmasına müxtəlif amillər təsir edir. Bunların arasında dünya iqtisadiyyatının koronavirus qadağalarından sonra canlanması və istehlakın kəskin artması, ənənəvi energetika infrastrukturuna investisiyaların qoyulmaması və bərpa edilən enerji mənbələrinin gözlənilən sürətlə inkişaf etməməsi yer alır.
Bayden dəfələrlə OPEC ölkələrindən xahiş edib ki, hasilatı daha sürətlə artırsınlar. Ancaq kartel ölkələri hesab edirlər ki, koronavirusun növbəti dalğasının başladığı və tələbatın azalmasının gözlənildiyi bir vaxtda bunu etməyə dəyməz.
Texas və Luiziana ştatlarında yerləşən nəhəng neft anbarlarından həmin 50 milyon barrel neftin dekabrın ortalarında satışa çıxarılması planlaşdırılır, Ağ evdə istisna etmirlər ki, bazarda stabillik yaratmaq üçün strateji ehtiyatlardan daha bir miqdar nefti bazara çıxarmaq lazım gələcək. Ehtiyat neftin bir qismini satmaqla qiyməti endirmək planına Böyük Britaniya da dəstək verib və 1.5 milyon barrel neft satacaqlarını açıqlayıb. Yaponiyanın baş naziri Fumio Kisida isə bildirib ki, yaxın günlərdə strateji ehtiyatların bir qisminin satılması qərarı verə bilər. Bu ölkədə 145 günə çatacaq qədər artıq neft var və yerli qanunlara görə zəruri ehtiyatlar ən azı 90 günə bəs etməlidir. Ona görə də hökumət ehtiyatların bir qismini bazara çıxarmaqda çətinlik çəkməyəcək.
Hindistan hökumətindəki mənbə isə ölkənin strateji ehtiyatlarından 26.5 milyon barrel neftin bazara çıxarılması üçün ABŞ-la məsləhətləşmələrin davam etdiyini bildirir. Hələlik isə bazarda tələb təklifi üstələyir və nəticədə qiymət artır, iri istehlakçıların hasilatçılara qarşı birləşmək planları gözlənilən nəticəni vermir.
virtualaz.org
Şərh Yazın