Qarabağda həmin müxalif bloqerlərin İran benzindaşıyan maşınlarının və yük maşınlarının eşalonunun Xankəndi küçələrində hərəkətini çəkib yaymasının motivləri nə idi?! Qarabağda koronavirus pandemiyasının yayılması təhlükəsi qarşısında elementar qorxu hissi. Axı İran koronavirusun tüğyan etdiyi ölkələrdən biridir. Və birdən birə yüzlərlə iranlı sürücünün-potensial koronavirus daşıyıcıları separatçı ərazinin “paytaxtında” peyda olur.
Doğrudur, İranın Bakıdakı səfirliyi bu görüntüləri təkzib etməyə çalışıb, onları “qurama” adlandırıb və bəyan edib ki, görüntüləri “Tehran-Bakı əlaqələrinin inkişafını istəməyən qüvvələr” yayıb. Məqsəd isə iki qonşu ölkə arasında mövcud olan yaxşı qonşuluq münasibətlərini korlamaqdır.
Lakin hansı təkzibdən və quramadan söhbət gedə bilər ki, əslində İran TIR-larının Azərbaycanın işğal altındakı ərazilərindəki hərəkəti barədə bundan əvvəl də dəfələrlə beynəlxalq medianın, xarici jurnalistlərin Dağlıq Qarabağdan hazırladığı reportajlarda bəhs edilib? Səfirliyin bu təkzibi əlbətdə ki, Azərbaycan ictimaiyyətini qane etməyib və edə bilməz. Çünki İran İslam Respublikasının işğalçı Ermənistanla münasibətləri həmişə Azərbaycan xalqında, onun əsasən şiələrdən ibarət olan əhalisində və dövlətində ciddi narazılıq, inciklik və qəzəb yaradıb.
Ötən il məhz İranın köməyi ilə Qarabağdakı işğalçı rejim Şuşadakı Gövhərağa məscidinini restavrasiya adı altında deformasiya edəndə, onu fars məscidi kimi “bərpa edəndə” də hər bir şiə-azərbaycanlının qəlbindən qara qanlar axmışdı. Azərbaycan o vaxt buna təbii, qəzəbli reaksiyasını göstərdi, amma İran tərəfi indiki halda yük maşınları görüntüsü ilə bağlı olduğu kimi, açıq-aşkar problemi danmaqla məşğul oldu. İrandan olan arxitektorların əliylə Ermənistan hakimiyyəti daha əvvəl İrəvan məscidinin də başına eyni faciəni gətirmişdi.
Əslində son günlər yayılan bu görüntülər İranın ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin işğalı, rayonların bir-birinin ardınca erməni işğalçı qüvvələri tərəfindən zəbt edilməsi dövründə yürütdüyü siyasəti yada salır, bu siyasətin dəyişmədiyini təsdiq etmiş olur. Həmin vaxtlar, o cümlədən 1992-ci ilin yayında Azərbaycan ordusunun Qarabağda sürətlə irəlilədiyi, Ermənistanın isə çıxılmaz vəziyyətə düşdüyü vaxtlarda onun köməyinə gələnin, dadına çatanın kimlər olduğu yaddan çıxmayıb, unudulmayıb. Necə də unudula bilərdi ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan özü çıxışlarından birində İranın sayəsində xilas olduqlarını demişdi.
İndi olduğu kimi 1992-1993-cü illərdə də İrana aid yük maşınları, yanacaqdaşıyan tankerləri Ermənistanı zəruri ərzaqla, yanacaqla təchiz etməkdəydi. O zaman ermənilər özləri etiraf edirdilər ki, İranın yanacaqdaşıyan tankerləri yanacağı birbaşa erməni tanklarının çənlərinə boşaldırdılar, çünki vaxt yox idi.
Daha sonra, atəşkəsin əldə edilməsinin ardınca ermənilərin işğal altındakı ərazilərdə başlatdığı kütləvi talançılıq da İranın iştirakı olmadan baş vermirdi. Azərbaycan kəndlərindən, şəhərlərindən talan edilən infrastruktur metal tullantıları şəklində kütləvi şəkildə İran zavodlarına daşınırdı. Nəhayət indi İran iş adamları, bəzi şirkətləri Dağlıq Qarabağda birbaşa və dolayısı yolla qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmaqdadır.
Və elə indi də 90-cı illərdə olduğu kimi İran Ermənistanı yanacaq və ərzaqla təchiz etməkdədir. Ermənistan koronavirusa görə İranla sərhədlərini rəsmən bağlayıb. Üstəlik Rusiyadan Ermənistana Gürcüstan üzərindən də yanacaq daşınmır. Amma tam blokada vəziyyətində Ermənistan yanacaq materialları ilə bağlı heç bir qıtlıq çəkmir. Haqlı sual meydana çıxır: faktiki blokadada olan bu ölkə yanacaq materiallarını haradan alır?
İran iş adamlarının, şirkətlərinin Qarabağda qanunsuz fəaliyyət göstərmələrinə dair açıq-aşkar faktları da İran həmişə inkar etməyə çalışıb. Amma İran yük maşınlarının Qarabağda görünməsi sosial şəbəkələrin erməni seqmentində nəyə görə qızğın müzakirələrə səbəb oldu? Məhz koronavirus təhlükəsinə görə.
İran TIR-ı Mehridən keçib Laçına daxil olur, fotonu rusiyalı səyahətçi çəkib (https://uritsk.livejournal.com/94141.html)
Azərbaycan tərəfi vaxtaşırı olaraq İranın işğal edilmiş ərazilərdəki fəaliyyəti barədə narahatlıqlarını, etirazlarını diplomatik kanallarla Tehrana çatdırıb. Azərbaycan dövləti İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını dəfələrlə nümayiş etdirib, amma Tehrandan adekvat münasibət görməyib. İran sözdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, amma Ermənistanla strateji tərəfdaşlıq münasibətlərini saxlayır və heç vaxt bu ölkənin təcavüzkar əməlləri barədə açıq danışmayıb, islam respublikası şiə müsəlman ölkəsinin ərazilərinin bir hissəsinin 30 ilə yaxındır xristian ölkəsi tərəfindən işğal altında saxlanılması barədə yumşaq desək, ədalətli yanaşma ortaya qoymayıb.
Bütün bunlar bir yana, İranın işğal edilmiş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətdə iştirak etməsi beynəlxalq hüquq normalarına zidd əməldir və nəinki şiəliyə, müsəlmanlığa, heç adi qonşuluq münasibətlərinə də uyğun deyil.
Və indi həm də aydın olur ki, İran Qarabağdakı separatçı rejimin militarizasiyasına da fəal dəstək verir. Axı Qarabağı işğal altında saxlayan Ermənistan qüvvələrinin hərbi texnikası çənlərini məhz İran yanacağı ilə doldurur. Məhz İran yanacağı ilə işləyən həmin erməni texnikası Azərbaycan ordusu ilə vaxtaşırı toqquşmalara girir. Rəsmi Tehran isə sükut nümayiş etdirir. Amma onunla birlikdə Azərbaycan hakimiyyətinin başlıca tənqidçiləri-ərdəbilli imam-cümələr də susur.
İranın Qarabağda erməni tanklarını yanacaqla təchiz etməsi, separatçılara ərzaq və digər zəruri mallar çatdırması xüsusən də Azərbaycanın İrana qarşı fəaliyyətdə heç vaxt iştirak etmədiyi, nə qədər çətin olsa da təzyiqlərə tab gətirib bu ölkəyə qarşı sanksiyalara qoşulmadığı bir vaxtda baş verir. Qərblə İran arasında münasibətlərin ən kəskin, ən kritik mərhələrində belə Azərbaycan dövləti bəyan edib ki, öz qonşusuna qarşı hər hansı təzyiqdə, hərbi kampaniyalarda və sanksiyalarda iştirakçı olmayacaq.
Əksinə, Azərbaycan həmişə İranla sıx qonşuluq və tərəfdaşlıq münasibətlərinə can atıb, bir sıra mühüm regional layihələrdə onunla tərəfdaşdır. Yəqin Tehranda yaddan çıxarmayıblar ki, bir neçə il əvvəl Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində Astara-Rəşt dəmiryolunun tikintisi üçün 500 milyon dollar güzəştli kredit ayırıb. Yaxud indiki çətin günlərdə, dünyanı bürümüş koronavirus pandemiyasının sərt sanksiyalardan əziyyət çəkən İranda minlərlə adamın ölümünə səbəb olduğu bir vaxtda Ermənistan deyil, Azərbaycan öz qonşusuna yardım əli uzatdı. Nazirlər Kabinetinin martın 7-də imzaladığı sərəncamla bu ölkəyə koronavirusla mübarizə üçün 5 milyon dollar humanitar yardım edildi.
İran maşınlarının Qarabağdakı görüntülərinin yayılması ərəfəsində, aprelin 7-də isə Azərbaycan ağır günlər keçirən qonşusuna mənəvi dəstək verirdi. Həmin gün Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olundu. Rəsmi Bakı bununla da COVID-19 epidemiyasından əziyyət çəkən İran dövlətinə və onun xalqına dəstəyini, hörmət və ehtiramını ifadə etmişdi.
Beləliklə, rəsmi Bakı mehriban qonşuluq prinsiplərini əsas alaraq İranla xeyirxah münasibətlər qurmağa nə qədər can atsa da, müxtəlif sahələrdə münasibətlərini inkişaf etdirməyə çalışsa da qarşı tərəfdən adekvat münasibət görmür, əvəzində işğal edilmiş ərazilərində beynəlxalq normalara zidd iqtisadi fəaliyyətin şahidi olur.
Əlbətdə, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qonşu dövlətin qanunsuz əməllərinə müşahidəçi qalmasını gözləmək sadəlövhlük, ağılsızlıq olardı. İran İslam Respublikasının qanunsuz olaraq həyata keçirdiyi addımlar həmçinin geniş ictimaiyyətdə bir sıra sualların yaranmasına səbəb olur:
Nə üçün islam respublikası hər zaman dilə gətirdiyi müsəlman-şiə qardaşlığı prinsiplərini çeynəyir?
Yaxud İranın ölkəmizdəki səfirini Azərbaycan XİN-ə çağıraraq ona Qarabağdan yayılmış son görüntülərlə bağlı etiraz notası təqdim edilibmi?
Bu suallardan birincisinə İran ali ruhaniləri cavab verməlidir, amma təəsüf ki, uzun illərdir bu kimi suallar cavabsız qalır. İkinci suala isə görünür Azərbaycan XİN tezliklə aydınlıq gətirməlidir...
P.S. Məqalə dərc olunmağa hazırlanarkən məlum oldu ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun İran xarici işlər nazirin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə ilə telefon danışıqları aparıb. Telefon danışıqlarında İran yük maşınlarının Qarabağa yük daşıması ilə bağlı narazılıq da çatdırılıb.
Virtualaz.org
Şərh Yazın