Qazaxıstanın Baş naziri Alixan Smailov Çinin nəqliyyat şirkətlərini və logistika operatorlarını Çindən Avropaya konteyner daşımaları üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyə dəvət edib.
Reyting.az “Report”a istinadla xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yüklərin daşınma müddətini demək olar ki, yarıya endirəcək:
“Hazırda Çindən Avropaya bütün quru tranzit daşımalarının təxminən 85%-i Qazaxıstanın payına düşür. Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisi hazırda sürətlə davam edir. Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçid məntəqəsinin, Baxtı və Kaljat keçidlərində quru limanların, Aktauda konteyner qovşağının tikintisi, həmçinin Orta dəhliz boyunca Qara dənizdə liman qurğularının genişləndirilməsi planlaşdırılır”.
Alixan Smailov Çin nəqliyyat şirkətlərini sadalanan layihələrdə iştirak etməyə dəvət edib, həmçinin nəqliyyat və logistika operatorlarını Qazaxıstanda mövcud olan transsərhəd nəqliyyat infrastrukturundan fəal istifadə etməyə dəvət edib.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb.
Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Şərh Yazın