Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. “Qanun” layihəsinin lehinə 295, əleyhinə 1 səs verilib.
Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi yalnız tövsiyə xarakterlidir. Yəni bu o deməkdir ki, qətnamənin heç bir praktik əhəmiyyəti yoxdur.
Məsələ ondadır ki, Fransa hökumətinin bu “tövsiyəyə” reaksiyasına əməl etməsi inandırıcı deyil:
Birincisi, Fransa Avropa İttifaqının üzvüdür. Buna görə də istədiyi qərarı təkbaşına verə bilməz. Rusiyanın enerji daşıyıcılarından azad olmaq istəyən Avropa İttifaqının siyasi mərkəzi Azərbaycandan neft və qaz alışında maraqlıdır.
İkincisi, Fransanın Azərbaycandan qaz və neft tədarükünə embarqo tətbiq etməsi rəsmi Bakını narahat etməməlidir. Çünki Azərbaycanın qaz və nefti Fransaya ixrac olunmur. Rəsmi Bakı bu istiqamətdə Cənub Şərqi Avropa ölkələri və İtaliya ilə əməkdaşlıq edir.
Üçüncüsü, qətnamədə qeyd edilən bir çox iddialar müəlliflərin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olduğunu göstərir. Misal üçün, qətnamədə “Dağlıq Qarabağ” adı keçir və qondarma quruma müstəqilliyin verilməsi kimi iddialar da yer alıb.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi hər kəsə bəllidir və rəsmi Paris də bunu belə qəbul edib.
Senatın qəbul etdiyi qətnamədə “dayanıqlı sülhün təşviq edilməsindən” bəhs olunsa da, mahiyyət bundan çox uzaqdır. Ümumiyyətlə, “Dağlıq Qarabağ”a müstəqillik verilməsini istəmək dayanıqlı sülhün təşviq edilməsi ifadəsi ilə yaxından-uzaqdan əlaqəli deyil.
Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir. Bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Bu, açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə deməkdir.
Azərbaycan tərəfi Fransa Senatının qəbul etdiyi “qətnamə”yə mütləq cavab verməlidir:
Əvvəla, Azərbaycan Milli Məclisində Fransa Senatının mövqeyini pisləyən qətnamə qəbul edilməlidir.
İkincisi, Fransanın hər hansı bir formada Azərbaycan-Ermənistan danışıqlarında iştirakından imtina olunmalıdır.
Üçüncüsü, Korsika adasının öz müqəddəratını təyin etməsi ilə bağlı rəsmi Bakı da qətnamə qəbul etməlidir.
Dördüncüsü, Fransanın ölkəmizdəki səfiri dərhal XİN-ə çağırılmalı və Fransaya nota verilməlidir.
Qəbul edilən qətnamə praktik olaraq əhəmiyyətsiz olsa da, məsələ rəsmi Parisin Bakının daxili işlərinə qarışmasıdır. Əgər Fransa tərəfi bu hüququ özündə görürsə, Azərbaycan tərəfi də Fransanın Avropa xaricindəki torpaqlarında gedən müstəqillik hərəkatı və Korsika adasındakı iğtişaşları dəstəkləyən qətnamələr qəbul edə bilər.
Turan Rzayev
Politoloq
Rəsmi Bakı Fransa Senatının qətnaməsinə 4 bənd üzrə cavab verməlidir
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın