Qarabağda Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərə riyakarcasına və iyrənc formada Fransa rəhbərlik edir, saxta erməni sevgisi ilə “ermənidən artıq erməni olmağa” çalışır, ölkə rəhbərliyi daxili və xarici problemlərini həll etmək əvəzinə, müstəqil xarici siyasət həyata keçirən dövlətləri hədəfə alır. Ən acınacaqlısı odur ki, bu “siyasət” ən çirkin formada bütün sahələri əhatə etməkdədir. Parisin nifrət və kini o həddə çatıb ki, hətta ölkəsində Azərbaycanı xatırladan nə varsa aradan qaldırmağa çalışır. Azərbaycanlı şairə Natəvanın abidəsinin götürülməsindən tutmuş səfirlikdə casus yerləşdirməyə kimi hər bir qərəzli addıma yol verilir. Artıq Fransa prezidenti Emmanuel Makronun çirkin və qərəzli kampaniyasına fransız mediası da cəlb edilib.
Azərbaycan haqqında hədyanlar yaymaq üzrə ixtisaslaşan “Le Monde”, “Le Figaro”, “France Info”, “Le Huffington Post” və s. kimi obyektivlikdən uzaq nəşrlər erməni lobbisi və kolonial dəyərlərin daşıyıcı olan ölkələrinin ruporuna çevriliblər. Söhbət Parisin Azərbaycanda casusluq fəaliyyəti ətrafında yaşanan qalmaqaldan gedir. Həmin məlumatlara nəzər saldıqda obyektivlikdən uzaq və qərəz üzərində qurulduğuna əmin olursan. Bir yerdə olsun belə rəsmi Bakının mövqeyi nəzərə alınmayıb. Məsələn, azərbaycanlı diplomatların Parisdən çıxarılma səbəbləri göstərilmir. Halbuki, Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “persona-non grata” elan edilməzdən əvvəl qarşı tərəfə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb. Qərəzli və jurnalist yanaşmasını burda da görmürük. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov də bəyan edib ki, əgər Fransa tərəfi günahsızlıqlarında əmin idisə, araşdırma apara bilərdi. Ancaq buna getmədilər və səfir XİN-ə dəvət olundu və etiraz səfirə bildirildi. Ortaya heç bir əsas qoymayan Fransa tərəfindən səfir Leyla Abdullayeva XİN-ə çağırılıb və iki Azərbaycan diplomatı ilə bağlı qərar ona təqdim olunub. Rəsmi Bakının addımları ilə Yelisey sarayının addımı arasında böyük fərq var, yəni Bakı sübutlarla danışıb.
Artıq əksəriyyətin də gəldiyi qənaət budur ki, bütövlükdə Bakı ilə Paris arasında siyasi gərginlik və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bildirdiyi kimi, iki ölkə arasında münasibətlərin ən aşağı səviyyədə olması əslində, geosiyasi qüvvələr arasında qəliz qarşılıqlı əlaqələrin olduğunu əks etdirir. Fakt odur ki, Azərbaycanın iki fransız diplomatını “persona non-grata” elan etməsi və Fransanın buna iki azərbaycanlı diplomatın ölkədən çıxarması şəklində cavab verməsi Parisin Bakı ilə İrəvan münasibətlərinə fəal müdaxiləsinin və bu məsələdə Avropa strukturlarına təzyiqinin təzahürüdür.
Yeri gəlmişkən, nəşrlər riyakarcasına Azərbaycan KİV-lərini anti-Fransa kampaniya aparmaqda da ittiham etməkdən də çəkinməyiblər. Halbuki, yerli media qarşı tərəfin proseslərə qərəzli və ikili yanaşmasını sərt tənqid edib. Belə yanaşmanın Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik etmiş bir dövlətə yaraşmadığını dəfələrlə qeyd edib. Yəni, hamısı yalnız qərəzli yanaşmaya cavab tədbirləri olub.
Əksər media vasitələri bir yerdə olsun Azərbaycanın mövqeyini əks etdirməyiblər, yaxud buna cəhd belə göstərməyiblər. Bu da onların müstəqil, obyektivlikdən uzaq olduqlarının göstəricisidir.
Bu faktdır ki, Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyəti son 30 ildə ən aşağı səviyyədədir və xarici işlər naziri Ceyhun Bayramov da bunu ilin yekunlarına dair mətbuat konfransında bir daha təsdiq edib. Bəs bunun səbəbkarl kimdir? Azərbaycan yoxsa, Fransa? İkinci Qarabağ müharibəsi başlayandan bəri Azərbaycana qarşı qərəz, ikili mövqe qabarıq şəkildə üzə çıxıb. Əslində elə 30 il belə olub. Sadəcə münaqişənin dondurulmuş vəziyyətdə olması Fransanı qane edib və bu səbəbdən də birtərəfli mövqe nümayiş etdirməyib. Qarabağda müharibədən sonra Fransa öz ziyanverici əməlləri ilə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması perspektivlərinin qarşısını almağa çalışır. Son hadisələr də bu dövlətin riyakar və qərəzli mövqeyini ortaya qoyub. Açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini təşviq etmək üçün BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalarından alət kimi istifadə etməsi onun mümkün vasitəçi kimi onsuz da şübhəli olan reputasiyasını tamamilə sarsıtdı. Həm də Bakının Fransanın aparıcı rollardan birinə sahib olduğu Avropa İttifaqına inamını ciddi şəkildə sarsıdıb.
Parisin İrəvanı ölümcül silahlarla təchiz etməsi Cənubi Qafqaz regionunda sabitliyi və təhlükəsizliyi pozur və onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması perspektivlərini süni şəkildə ləngidir.
Şərh Yazın