“Report”un məlumatına görə, ilk dəfə Fazıl kəndində qazıntılar zamanı arxeoloji dəstə qədim qəbiristanlıqla yanaşı yaşayış məskəninin izlərini təsdiqləyən artefaktlar tapıb.
Beynəlxalq arxeoloji ekspedisiya çərçivəsində qazıntı zamanı arxeoloqların diqqətini sarı rəngdə, orta ölçüdə torpaq qatı çəkib. Təmizləmə zamanı 2 min yaşı olan duluzçu sobası da üzə çıxıb.
Arxeoloji ekspedisiyanın rəhbəri Zaur Həsənov bildirib ki, aşkar olunan tapıntı unikallığı ilə seçilir:
“Vaxtı ilə burada tapılan çoxlu sayda və bir-birindən zəngin gil qablar, mətbəx əşyaları gətirilmə deyil, məhz Fazıl kəndində istehsal olunanlardır. İstehsal isə oturaq məskən, şəhər mədəniyyəti deməkdir”.
Qeyd edək ki, tapılan əşyalar qeydiyyata alındıqdan sonra Fazıl kəndindəki “Labirint” adlanan yeraltı muzeydə nümayiş olunacaq. Tapıntıların kataloq və izahatı beynəlxalq nəşrlərdə çap ediləcək.
Fazıl kəndində arxeoloji qazıntılar gələn il də davam edəcək.
Şərh Yazın