Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
"Report" xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb.
Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 saylı orta məktəb bunun daha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək.
Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Şuşada 1 saylı tam orta məktəbin inşası da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.
Şərh Yazın