Baku Tv xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə iki dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə üç dəfə tətbiq ediləcək.
Məktəblərdə şagird sıxlığını tənzimləmək məsələsinə gəlincə isə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublunun sözlərinə görə siniflərin yarısı həftənin üç günü, digər yarısı isə o biri üç günü gələ bilərlər. Bununla da, əyani dərslər üçün dərs miqdarı iki yarımqrup arasında bölünərək müəllimin dərs yükünü də tənzimləmiş olacaq.
Virus təhlükəsi səbəbilə övladlarını məktəbə göndərmək istəməyən valideynlər də var. Bu valideynlər isə məktəbə yaxınlaşıb, xüsusi hazırlanmış iltizam formasını imzalamalıdırlar.
Bununla da valideyn övladının virtual dərslərdə iştirakına, teledərsləri izləməsinə, müəllim tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə, müstəqil öyrənilməsinə və onun məktəbdə mütəmadi şəkildə keçiriləcək kiçik və böyük summativlərdə mütləq qaydada iştirak etməsinə təminat verir.
Bütün bu məsuliyyəti öz üzərinə götürməklə valideyn övladının əyani dərslərdə iştirakından imtina etdiyini bildirmiş olur. Əgər buna rəğmən şagird virtual dərslərdə aktiv iştirak etməzsə və summativlərə qatılmazsa, bu şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər.
Qeyd edək ki, sentyabrın 15-də Azərbaycanda 600 mindən çox şagird təhsil müəssisəsinə gedəcək.
Şərh Yazın