Bu gün Azərbaycanın əsas geostrateji hədəflərindən biri Zəngəzur dəhlizinin açılmaıdır. 44 günlük Vətən müharibəsində qələbədən sonra siyasi gündəmə gətirilən Zəngəzur dəhlizi məsələsi bundan sonra bütün regionun inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu, tək Azərbaycan üçün, Türkiyə üçün deyil, elə Ermənistanın özü üçün də sərfəli yoldur. Lakin bəzi qüvvələr, xüsusilə İran bu məsələnin həllində maraqlı deyil. Lakin Azərbaycan Prezidenti bu məsələdə qətiyyətlidir. Bu yaxınlarda verdiyi açıqlamada da bildirdi ki, dəhlizin açılması qaçılmazdır və bölgənin bütün ölkələri üçün lazımdır.
Bu fikirləri Norveçdə yaşayan soydaşımız, Güney Azərbaycandan olan ictimai fəal, insan haqları üzrə ekspert Babək Azəroğlu bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan Ermənistanı sülhə məcbur etməkdədir. Azərbaycanın Ermənistana qarşı şərtlərindən birincisi Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsidir. Çünki Azərbaycan Zəngilanla Naxçıvanı birləşdirən avtomobil və dəmiryolu kommunikasiyalarının açılması vacibliyini önə çəkir.
“Biz ekranlardan Qarabağda, Şərqi Zəngəzurda hansı quruculuq-abadlıq işlərinin aparıldığını görürük. Bunu ermənilər də görür. Əlbəttə, Ermənistan ara-sıra bu layihənin qarşısını almağa çalışır. Bu məsələdə İran rəhbərliyi də onlara təsir edir. Ancaq Rusiya tərəfinin verdiyi açıqlamalardan belə bir qənaətə gəlmək olar ki, artıq məhz dəmiryolu xəttinin işə düşməsilə bağlı görülən işlər bitmək üzrədir. Burda tək məsələ Ermənistan ərazisində 40 km məsafədə dəmiryolunun bərpa edilməsidir ki, bu da istənilən halda amümkündür”, – deyə güneyli hüquq müdafiəçisi əlavə edib.
Əgər Ermənistan tərəfi bu prosesdə hər hansısa bir təxribat həyata keçirməsə, yaxın zaman çərçivəsində bu dəhlizin işə düşməsinə şahidlik edə bilərik. Bu gün qardaş Türkiyə də Azərbaycanı bu layihədə dəstəkləyir və Zəngəzur dəhlizinin işə düşməsinə çalışır. Ermənistanda türkləri kabus kimi görən qüvvələrin və havadarlarının nə istəməsindən asılı olmayaraq, bu dəhlizin açılmasını gözləyirik. Dəhliz Türk birliyini və aramızdakı iş birliyini daha da sürətləndirəcək.
Anar ƏLİ,
“Xalq qəzeti”
Şərh Yazın