Ey ana yurdumun mərd cavanları,
Odlar Ölkəsinin qəhrəmanları,
Eşidin bunları, bilin bunları,
Silahı bərk tutsa Milli Ordumuz,
Heç zaman basılmaz ana yurdumuz!
Bir Vətən düşünün yer kürəsində. Hansı ki, bu Vətən Xəzər dənizi hövzəsinin qərbində yerləşir. 86.6 min km² ərazisi var. Dünyanın 11 iqlim qurşağından 9-u bu Vətəndədir. Onun mövcudluğunun kökləri tarixin ən qədim çağlarına kimi gedib çıxır. O, azaddır. O, müstəqildir. O, demokratikdir. Onun dünəni bu gününə nümunə, bu günü sabahına inamdır. Hər günü böyük ümidlərə açılan günəşli bir sabahdır. Bura odlar yurdu Azərbaycandır!
O, güclüdür. Çünki onun Heydər Əliyev kimi ulu öndəri, Heydər Əliyevin ağıl dəryasının idrak sularından qidalanan müzəffər ali baş komandanı, qalib sərkərdəsi var!
O, güclüdür. Çünki onun dəmir yumruq kimi möhkəm xalqı var. O güclüdür, çünki onun müzəffər ordusu var!
Bu gün tarix 26 İyun 2021-ci ili göstərir. Bu o deməkdir ki, müstəqil dövlətimizin əsas atributlarından biri olan ordumuzun bayramıdır.
Müasir Azərbaycan ordusunun Silahlı qüvvələri, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan ordusunun silahlı qüvvələri hər zaman cənab Ali baş komandan İlham Əliyevin əmrlərinə tabedir. Azərbaycan ordusu müstəqil dövlətimizin polad dayağı, xalqımızın təhlükəsizliyinin ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.
1918-ci ildə qəbul olunmuş “İstiqlal bəyannaməsi”ndə qeyd olunurdu ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiyə etməli, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi hər zaman yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. AXC dövründə ordu quruculuğu sahəsində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq əsas prinsiplər idi. Bu prinsiplərə əsasən hər bir əsgər özünün tarixini, keçmişini bilməli, onlara canla qanla bağlı olmalı, Vətənini, millətini sevməli, onların qeyrətini çəkməlidir.
Azərbaycan silahlı qüvvələrinin yaranması 1918-ci ilə təsadüf etsə də, onun güclənməsi, nizama salınması birmənalı şəkildə Azərbaycan Respublikasının Ulu öndəri Heydər Əliyevin adıyla bağlıdır. Ulu öndər Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi. Ulu öndər Heydər Əliyev mövcud olan bütün silahlı birləşmələri vahid komandanlıq altında birləşdirdi. Ulu öndər qeyd edirdi ki, Orduya qayğı, hörmət cəmiyyətin, xalqın şərəfli vəzifəsidir. Orduya çağırılan gənclər bilməlidirlər ki, onlar öz şərəfli vəzifələrini yerinə yetirməyə çağırılırlar. Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüdrətli edir.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunur və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan ordusunun ali baş komandanı Cənab İlham Əliyev, vəzifəsini icra etdiyi ilk gündən qeyd edir ki, mənim fəaliyyətimin əsas istiqamətlərindən biri də, ordunu gücləndirməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən ibarətdir. Biz 44 Günlük vətən müharibəsi zamanı onun bu sahədə necə uzaqgörən siyasət icra etdiyinin bir daha şahidi olduq. Cənab prezidentin ordunu hazır vəziyyətə gətirməsi nəticəsində “Dəmir Yumruq” əməliyyatı ilə özünündə söylədiyi kimi biz həm döyüş meydanında, həm informasiya məkanında, həm də siyasi müstəvidə qələbə qazandıq. Döyüş meydanında düşmənin belini qırdıq və bildirdik ki, Qarabağ Azərbaycandır!
Mən hesab edirəm ki, bu ilki bayram 103 yaşlı ordunun ən gözəl bayramıdır. Bayramla qələbə birləşəndə qürur elə bir yüksək zirvədə qürrələnir ki, hisslərini ifadə etməyə sözlər kifayətsiz qalır.
Bir ölüb min dirilən igidlər, şanlı ordumun cəsur döyüşçüləri, bu hissi bizə bəxş etdiyiniz üçün sizə sonsuz kərə minnət duyuruq.
Deyirlər torpaq suyla qarışanda palçıq, qanla qarışanda Vətən olur. Bura Vətəndir! Çünki bu vətənin övladları üçrəngli bayrağımızla məsud yaşamağımız üçün, qanları bahasına cümlə müştaq oldular. Qarabağı qaytardılar canları bahasına!
Sonda şəxsim adından Azərbaycan ordusunda 8 il xidmət etmiş, əgər sağlamlığı imkan versəydi sona kimi xidmət etmək istəyən, I Qarabağ müharibəsi veteranı, Azərbaycan ordusunun keçmiş giziri əziz atam Səbuhi Süleymanovun timsalında Azərbaycan ordusuna xidmət etmiş və edən vətəni havadan, qurudan və sudan müdafiə edən silahlı qüvvələrin bütün zabit və əsgərlərini təbrik edirəm. Arzu edirəm ki, hər zaman nişanları kəskin, qolları qüvvətli, canları sağlam olsun!
Bütün şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Halal olsun sizə, Əsgər!
Nə dözümlü, nə mətinsən,
Özüsən rəşadətin sən.
Yağış olsun, boran olsun,
Külək olsun, tufan olsun
Gecə, gündüz və səhərlər yeri səngər.
Halal olsun sənə, əsgər.
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi Fəridə Süleymanova
Yorum Yazın
Facebook Yorum