Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunədir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. 2021-ci il 15 iyun tarixində keçirilən Şuşa görüşü isə bu münasibətlərin mühüm tarixi mərhələsidir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan–Türkiyə əlaqələri Ulu öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanır. Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan prezident İlham Əliyevlə prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.
Qardaş ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, prezident İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması və mətbuata bəyanatların verilməsi, eyni zamanda, “Xan qızı” bulağını ziyarət, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin uğurunun sevincini paylaşdığını göstərir.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsidir. Heç şübhəsiz, Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu tarixi Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur.
Şuşa Bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimuldur.
Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaratdı. Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq.
Şuşa Bəyannaməsinin daha bir əhəmiyyəti onun ölkəmizin siyasi partiyaları və ictimai birlikləri tərəfindən dəstəklənməsidir. Təsadüfi deyildir ki, Bəyannamə imzalandıqdan sonra ölkədə fəaliyyət göstərən 48 siyasi partiya həmrəylik nümunəsi göstərərək bu sənədi dəstəklədiklərini bəyan ediblər.
Həmçinin 2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Bu konfrans da iki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələrin daha da genişlənməsinə bir töhfə olmuşdur.
Yorum Yazın
Facebook Yorum