(hekayə)
Axşam “Xəbərlər”də hava haqqında məlumatı oxuyan diktor xanım havanın 4 dərəcəyədək soyuyacağını, əsasən buludsuz olacağını və sulu qar yağacağını demişdi. Ancaq gecə qar sulu yox, quru yağdı. Müasir hidrometeorologiya göylərin birdən-birə şəhərə bu qədər qar ələyəcəyini təxmin edə bilməmişdi. Həyətdəki maşınların, damdakı çanaq antenlərin, bağçadakı ağacların, yol kənarındakı kolların üstü hamamda Məşədi İbadın başına qoyulan ağappaq sabın köpüyü kimi topa-topa qar idi.
Azər oyanıb pəncərədən çölə baxanda gözlərinə inanmadı. Dünən axşam tərtəmiz, qupquru həyət indi büsbütün qarla örtülmüşdü. Bazar günü olduğu üçün heç kim işə getməmişdi. Maşınlar da sahibləri kimi həyətdə yatışırdı. Pəncərədən başını uzadıb həyətin uzaq küncünə baxdı. Axşam evə gələndə maşını binanın qurtaracağında saxlamışdı. Ancaq indi nə qədər boylansa da, öz maşınını tapa bilmədi. Həyət boyu cərgə ilə düzülmüş maşınların üstü qarla örtüldüyündən hamısı bir-birinə oxşayırdı.
Adətən tezdən oyanan Azər bu soyuq qış havasının şirin yuxusunda düz saat 10-a kimi yatmışdı. Adətən yuxudan duranda əvvəlcə pəncərəni açıb göyə baxar, havanın necəliyini öyrənər və günün də hava vəziyyətinə uyğun keçəcəyini özlüyündə təxmin edərdi. Əksər hallarda da gümanı düz çıxırdı, işləri elə günün havasına uyğun axarda gedirdi. İndi də belə soyuq, qarlı havanı görəndə planlaşdırdığı işlərin təxirə düşəcəyini bildi. Tələsmədən əmin-arxayın geyindi, yuyundu, mətbəxə gedib çay qoydu, soyuducudan yağ, yumurta, pendir, xama çıxardıb masaya düzdü. Tosterdə iki dilim çörək qızdırdı. Stəkana dörd-beş tikə qənd atıb, çay qaynayana qədər internetdə gəzişdi, yeniliklərə baxdı. Amma qardan başqa maraqlı bir yenilik olmadığından xəbər saytlarını bağladı. Youtubu açdı. Çox sevdiyi violanın sakit, həzin melodiyası altında kamanını götürüb bir qədər məşq elədi. Sonra aləti yerinə qoyub balkona çıxdı, yenə maşını saxladığı səmtə baxdı. Heç bir dəyişiklik yox idi. Yalnız iki qonşu həyətdə öz maşınının üstündən qarı təmizləyir, mühərrikini işə salırdı.
Ağlına batdı ki, həqiqətən şaxtalı havada maşını sürməsə də, mühərriki işə salmaq pis olmazdı. Motor bir az işləsin, maşın qızsın ki, soyuq dondurmasın.
Yeməyini yeyəndən sonra dolabı töküşdürüb qış paltarlarını çıxartdı. Altdan-üstdən qalın-qalın geyindi. Başına qulaqlı papaq qoydu, ayağına yun corab keçirtdi, isti şərflə boynunu-boğazını bərk-bərk sarıdı, əlinə isti əlcək taxıb evdən çıxdı.
Hava həqiqətən çox soyuq idi. Yayda hamının arzuladığı fəsil öz səxavətini göstərirdi. Qar azalsa da, hələ az-az yağmaqda davam edirdi. Həyətdə tədricən həyat qaynamağa başlamışdı. Qarşı tərəfdəki idman meydançasında balaca uşaqlar qartopu oynayırdılar. Pensiyaçı kişilər təmiz hava udmaq üçün aram-aram məktəbin həyətində gəzirdilər. Ev itlərinin xaltasını əldən buraxmayan iki yeniyetmə qız söhbətləşə-söhbətləşə ağaclıqda itlərin arxasınca gedirdilər.
Azər maşının qapısını açıb mühərriki işə saldı. Sonra maşının üstündəki qarı əliylə təmizləməyə başladı. İçi yun dəri əlcəyi tezliklə islandığından əlləri üşüdü. Sonra hiss elədi ki, qalın yun corabları da ayaqlarını soyuqdan qoruya bilmir. Havada uçan qar lopaları arada şərfin içinə dolub boynunu, boğazını üşüdürdü.
Əlcəkləri tamam islandığında qarı əski parçası ilə sıyırıb tökməyə başladı. Məəttəl qalmışdı ki, bir gecədə nə qədər çox qar yağıb! Soyuq, şaxta işləməyə aman vermirdi. Artıq köynəyin üstündən əyninə geyindiyi qalın yun qofta da, qoftanın üstündən geydiyi pencək də, pencəyin üstündən əyninə taxdığı palto da onu soyuqdan qorumaq iqtidarında deyildi. Sazaq bütün bədənini sardığı üçün daha sürətlə işləyirdi ki, bəlkə bədəni qızışa. Ancaq xeyri yox idi, qar, şaxta, soyuq da eyni əzmlə öz işində idi, dayanmaq bilmədən onu dondururdu.
Dünənki açıq havadan sonra birdən-birə belə qəfil dəyişiklik əslində Bakıya xas deyildi. Bu şəhərdə havalar adətən mülayim, ya da küləkli keçir, nadir hallarda qar yağır. Odur ki insanlar “qargördüsünə” az qala qızgördüsü qədər sevinirdilər. Hamı bir günlük qarlı havadan maksimum faydalanmağa çalışırdı. İndi avtomobil müfəttişləri, su, işıq, qaz işçiləri də gücləndirilmiş iş rejiminə keçirdilər, kommunal xidməti işçiləri yollara duz, torpaq səpir, müxbirlər kamera götürüb küçələrdən, parklardan, bulvardan qış reportajları hazırlayırdılar, cocuklar qardan “Şaxta baba” düzəldir, gənclər qartopu oynayır, qocalar təmiz hava alırdılar...
Bir günlük qar havası sanki şəhərə yeni enerji gətirmişdi, insanların həyatını canlandırmış, əhvalını yüksəltmişdi. Hər tərəfdə sevinc, gülüş, şənlik səsləri eşidilirdi. Adətən bayram həsrətində olan insanlar qarın keçici fərəhindən tam dolğunluğu ilə bəhrələnmək istəyirdilər.
Azər daha soyuğa tab gətirə bilmədi. Musiqiçi qəlbi kimi, arıq bədəninin dərisi də incə, kövrək olduğundan soyuqluğa dözümü yox idi. Əlindəki yaş əski parçasını çəpərin üstünə atıb cəld maşına əyləşdi. Avtomobilin sobası içərini nisbətən isitmişdi. Yaş əlcəklərini çıxardıb donmuş barmaqlarını nəfəsi ilə qızdırdı. Ayaqlarını bir-birinə döyəclədi. Radionu açdı. Hava haqqında son məlumatlar oxunurdu:
“...Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakıda gecə 0-1, gündüz 5-8 dərəcə isti olacaq... Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.”
“Demək indi 5-8 dərəcə isti var... - Azər düşündü. - Amma bu necə istidir?! Bayırda durmaq olmur!”
Dalğanı dəyişdi. Efirdə Hüseyn Cavid haqqında veriliş gedirdi. Aparıcı şairdən sitatlar oxuyurdu:
“Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Mən gözəllərdə gözəl ruh araram,
Ruhu düşkünləri çirkin sanaram...
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur...
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli...
İblis nədir? - Cümlə xəyanətlərə bais,
- Ya hər kəsə xain olan insan nədir? - İblis!”
Sonra Cavidin həyatı haqqında danışmağa başladı:
“...1937-ci il Azərbaycanın bir çox görkəmli ziyalıları kimi Hüseyn Cavidin də taleyində qara izlər buraxıb. Həmin il böyük şair-dramaturq həbs olunub. Ona 8 il həbs cəzası verərək, orta temperaturu mənfi 28-30 dərəcə olan şaxtalı-qarlı Sibirə sürgün ediblər.”
Azər başını buladı: “Mənfi 28-30 dərəcə ha?! Vay!!!”
Aparıcı davam edirdi: “...İttiham sənədində xüsusi vurğulanırdı ki, Hüseyn Cavid Türkiyədə ali təhsil alıb. Şair müsavatçılarla əlaqədə olub, milli söhbətlər aparıb. Gənc şairləri ətrafına toplayıb onları müsavat yönümdə hazırlayırdı.”
Azərin beyninə qəfil bir ideya gəldi. Dahi şair haqqında simfonik poema yazmaq və onun faciəli həyatının həqiqətlərini tərcümansız musiqi dili ilə dünyaya çatdırmaq... O, əsərin süjet xəttini düşündü, Cavidin keçirdiyi mənəvi iztirabları, çəkdiyi əzab-əziyyəti, işgəncə dolu həyatını təsəvvüründə canlandırmağa çalışdı.
Aparıcı ədibin ömrünün son günlərini təsvir edirdi: “...Hüseyn Cavidin Sibirdə son günlərini keçirdiyi İslah Əmək Düşərgəsinin rəhbərləri hər gün onu təhqir edir, alçaldır, bilərəkdən ən ağır, dözülməz işlər tapşırırdılar. Hüseyn Cavidi mənfi 30 dərəcə şaxtada qarın içində saxlayan kapitan bəzən işgəncə məqsədilə gecələr onu yatdığı uçuq-sökük taxta barakdan oyadıb yanına çağırır, qarın içində ayaqyalın yeriməyə məcbur edirdi. NKVD zabitlərinin bu cür qeyri-insani davranışları və qılınc tək kəsən şaxtalı hava öz təsirini göstərirdi. Şairin hər iki ayaq pəncələrini don vurmuşdu. O daha yeriyə bilmirdi. Xəstə və yaşlı insanın orqanizmi təbii, dəhşətli fiziki və mənəvi işgəncələrə, soyuq havaya tab gətirə bilməzdi. Uzun illərin mənəvi-psixoloji təzyiqləri nəticəsində səhhəti tamamilə pozulan böyük Azərbaycan mütəfəkkiri 1941-ci il dekabrın 5-də uzaq Sibirdə, İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində qarlı-şaxtalı bir meşəlikdə ürək iflicindən vəfat etdi.”
Azər bayaqdan bəri canını qurtarmağa çalışdığı havanın soyuqluğundan çox, radiodan eşitdiyi insan xislətinin soyuqluğundan yerindəcə donmuşdu. O, dünyanı lərzəyə salan “Böyük, nəhəng ölkənin” bu qədər cılız və qorxaq olduğuna heyrət edirdi: “Danışığa, sözə, düşüncəyə də qadağa qoyularmı?! Fikirə, yazıya, əsərə görə də insan insana belə qənim kəsilərmi?! O nə cür qüdrətli ölkəymiş?! Necə sülhün dayağı, azadlığın carçısıymış?!” Azər gözünü radioya dikərək halsız, heysiz vəziyyətdə maşının içində otursa da, fikir uzaqlarda idi.
Yalnız aparıcı saatı deyəndə xəyaldan ayıldı, bir saatdır mühərriki boş-boşuna işləyən maşında səssizcə oturduğunu anladı. O sanki radio dalğaları üstündə Sibirin qarlı-şaxtalı meşələrində dolaşır, özünü uzaq buz səltənətində üşüyən ixtiyar məhbusun yanında hiss edirdi. Və duyduğu acı mənzərənin kədərli obrazı ağır melodik səda kimi qulaqlarında səslənir, beynində simfonik musiqiyə çevrilirdi...
Həhayət, astadan dodaqaltı: “Ruhun şad olsun, dahi insan! Sən gör nələr çəkmisən, nələrə dözmüsən, nə soyuqlar görmüsən!” - pıçıldayıb motoru söndürdü, maşından çıxdı, evə tərəf getdi. Sürüşməsin deyə ayağının altında xışıldayan qarın üstü ilə ehtiyatla addım-addım yeriyirdi. Blokun ağzına çatanda qonşusu Barat kişi ilə üz-üzə gəldi. Əl tutub görüşdülər. Barat ilk qar münasibətilə Azəri təbrik elədi, hal-əhval tutdu. Azər də ona nələrsə dedi.
Və danışığından kişi anladı ki, Azərin fikri buralarda deyil. Duruxdu, təəccüblə onun üzünə baxıb: “Qonşu, nəsə olub? - dedi. - Bir kömək lazımıdır?”
Azər də eynən təəccüblə başını buladı:
“Yox, - dedi. – Heç nə olmayıb. Necə ki?”
Barat kişi yenə tərəddüdlə: “Heç, - dedi. – Gözlərin yaşarıb, ağlamış kimisən, dedim bəlkə... ona görə soruşdum, incimə...”
Azər yenə təəccübləndi: “Ağlamaq? Yox, ağlamamışam...”
“Hə... onda yəqin soyuqdandır, qonşu, hava çox soyuq olanda adamın gözü yaşarır... Məndə də olur hərdən...”,- Barat kişi söhbəti zarafata döndərmək istədi. - Bəlkə... yenə göylərdədir şair xəyalın...”
Amma Azər ciddi idi: “Nə soyuq? Soyuq hardadır, a kişi, - dedi. - Əksinə, havada 5 dərəcə isti var bu saat... radio dedi... Bakıda soyuq nə gəzir... Soyuq odey, Sibirdə, tayqa meşələrində, mənfi 30 dərəcə! Hələ külək qarı adamın üzünə çırpanda, şaxta iliyə işləyəndə olur 50 dərəcə... Dözə bilərsən?!”
“Qoy oturmuşuq, əşi, iraq-iraq, Sibirin mənə nə dəxli? Soyuqluq onlarındır, qoy dərdini də özləri çəksin...” - Barat kişi söhbətin baş tutmadığını görüb soyuqdan büzüşə-büzüşə uzaqlaşdı.
Azər qonşusunun arxasınca: “Hə... Düz deyirsən... Soyuqluq onlarındır... Amma dərdini biz çəkirik...”, - dedi və blokun pilləkənlərini qalxdı.
Artıq o nə soyuğu, nə qarı, nə də qeyri-ixtiyari gözlərindən axan yaşı hiss edirdi. Xəyalında qarlı-çovğunlu meşəlik uğuldayır, beynində yazmaq istədiyi əsərin fraqmentləri doğulur, sinirlərində kəsik-kəsik melodiyalar sızıldayırdı... O indi 5 dərəcə istisi olan Bakıda yox, mənfi 30 dərəcə şaxtası olan Sibirdə idi. Qəhərdən boğula-boğula əynində isti paltarı, əlində əlcəyi, ayağında çəkməsi, papağı, daldalanmağa bucağı olmayan və ən əsası, heç bir günahı olmayan, soyuqda-sazaqda qarın üstü ilə ayaqyalın yeridilən xəstə, yaşlı məhbusla yanaşı addımlayırdı.
22 .01.2024
Yorum Yazın
Facebook Yorum